İyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Azərbaycan və Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsində son durumla bağlı bir-birini ittihamedici çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Azərbaycan tərəfi qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir.
Son günlər cəbhə xəttində gərginlik artmaqdadır. Son məlumatların təhlili göstərir ki, atəşkəsin pozulması intensivləşib və tərəflər hətta ağır silahlardan istifadə edir.
Erməni tərəfinin atəşi nəticəsində Azərbaycanın iki mülki vətəndaşı həlak olub. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan Ordusunun mövqelərinə sarsıdıcı zərbələr endirildiyini bildirir. Rəsmi Yerevan son həftə ərzində 1 hərbçisini itirməsi, 3 hərbçisinin yaralanması barədə məlumat yayıb.
“BMT TŞ-nin müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, təşkilat daxilində əsas meyl münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcəkdir. Biz ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqeyi təsbit etməliyik. Ermənistanın cəhbə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatlarını nəzərə alaraq, biz status kvonu dəyişməliyik”, bu gün Mauerbaxda ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Azərbaycan tərəfi çıxışında bildirib.
Nazirliyin təqdim etdiyi çıxışda deyilir ki, mülki yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasııdr və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur və eyni zamanda Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir.
“Ermənistan dərk etməlidr ki, cari status kvoya güvəndikcə o, öz müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə, Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada, regionun inkişafından bəhrələnə bilər”.
Azərbaycan Xarici İşlər Nazirliyi Maurebaxda tərəflərin nəzərdə tutulan dialoqunun əldən verildiyini bildirib. Buna səbəb kimi Ermənistan xarici işlər nazirinin çıxışını göstərib.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın çıxışında deyilir ki, son zamanlar cəbhədə baş verənlər Azərbaycanın təxribatıdır və bütün məsuliyyət Azərbaycanın üzərinə düşür. Nazir Azərbaycanda erməni abidələrinin dağıdıldığını, erməni əslilli insanların ölkəyə buraxılmadığını deyib.
O, Azərbaycanı atəşkəslə bağlı 1994-cü ildə və ötən il Vyanada və Sankt-Peterburqda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
E.Nalbandyanın çıxşı əsasən atəşkəsin pozulmasının qarşısının alınmasına yönəlib. Nazir münaqişənin nizamlanması və status-kvonun dəyişdirilməsinin yolları barədə danışmayıb.
Qarşılıqlı ittihamlara baxmayaraq, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutduğu bildirilir. Bu barədə Ermənistan xarici işlər nazirliyi Twitter səhifəsində məlumat yayıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.
BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəynatlar verib. Amma, hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.
2015-ci il aprelin 2-5-də cəbhədə hərbi əməliyyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb. Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib. Sonuncu gərginlik isə bu ilin iyununda qeydə alınıb.