"İyulun 19-da Dağlıq Qarabağda "prezident seçkisi"nin təyin edilməsi Ermənistanın növbəti siyasi təxribatıdır", Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "parlamenti"nə 3 may 2015-ci il tarixində keçirilmiş qurama "seçkilər", 20 fevral 2017-cı il tarixində "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum" beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz "parlament" tərəfindən saxta "prezident seçkisi"nin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir," o qeyd edib.
"Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal "rəhbərliyi", eləcə də saxta "parlament"in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə apardığı qanlı etnik təmizləmə siyasətinin nəticəsidir. "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir," Hacıyev bildirib.
Onun sözlərinə görə, “qanunsuz və saxta prezident seçkisi" Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Panarmenian.net xəbər saytı 19 iyulda keçiriləcək səsvermədə Artsax Demokrat Partiyasının Baho Sahakyanın və Hərəkat-88 Partiyasının Eduard Ağabekyanın namizədliyini irəli sürdüyünü xəbər verir.