Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar noyabrın 8-də Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Beynəlxalq Böhran Qrupunun məsləhətçisi Zaur Şiriyev ilə görüşüb.
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Amerikanın Səsinə bildirib ki, görüşdə Dağlıq Qarabağ məsələsi, prezidentlərin Düşənbə görüşünün münaqişənin həllində rolu, Avropa İttfaqının Dağlıq Qarabağ siyasəti layihəsi, Azərbaycan QHT-lərinin indiki ağır durumunda Avropa İttifaqının Dağlıq Qarabağ siyasəti ilə bağlı layihəsinin rellaşdırılmasında yaranan çətinliklər müzakirə edilib.
Görüşdə bildirilib ki, Avrop İttifaqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı hökumətlərlə və vətəndaş cəmiyyətləri ilə müzakirələrini davam etdirəcək. Bununla bağlı növbəti üç il üçün layihə üzərində iş aparılır.
“Görüşdə həmçinin deyildi ki, Avropa İttifaqının 2015-2018-ci illəri əhatə edən layihəsi çərçivəsində münaqişə ilə bağlı çoxsaylı görüşlər keçirilib və resurslar yaradılıb. Lakin Azərbaycanda vətəndaş cəmiyətinin haz;rki çətin durumu bu resursların lazımi auditoriyalara çatdırılmasına imkan vermir”, Həsənov Amerikanın Səsinə bildirib.