Accessibility links

Preventiv Cavab Qrupu blogerə qarşı işgəncə ilə bağlı araşdırılma aparılmasını istəyir


Mehman Qələndərov
Mehman Qələndərov

Preventiv Cavab Qrupu (PCQ) aprelin 28-da 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etdiyi deyilən mərhum bloger Mehman Qələndərovun ölümü ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova sorğu ünvanlayıb.

“Həbsdə olan ictimai fəal, bloger, siyasi məhbus Mehman Qələndərov aprelin 28-də Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişib. Rəsmi qurumlar intihar etdiyini bildirsə də, onun ölümündə xeyli şübhəli məqamlar var. Onun intihar etməsi üçün heç bir səbəb yoxdur. O çox iradəli, prinsipial və həyata bağlı bir adam idi.

M.Qələndərova 7 fevral 2017-ci ildə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək, Nəsimi rayon Məhkəməsi tərəfindən onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, mübariz bir insan idi. Bakıda və Tbilisidə hakimiyyətdən insan haqlarının qorunması tələbi ilə keçirilən bir çox aksiyaların fəal iştirakçılarından olub. Həbs olunan gün, 7 fevralda isə “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələbi ilə Heydər Əliyevin heykəli önünə gedərək orada təkbaşına aksiya keçirib, etiraz şüarları səsələndirib. Məhz bu hərəkətindən dərhal sonra M.Qələndərov həbs olunub və ona qarşı heç bir əsas olmadan narkotika ittihamı irəli sürülüb. Həbs olunan gün polis bölməsində ağır işgəncələrə və həbsdən sağ buraxılmayacağı haqda təhdidlərə məruz qalıb.

M.Qələndərovun ölümünü Penitensiar Xidmət öncə təkzib etsə də, sonradan Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb. Onun nəşi yaxınlarına verilməyib və Zabrat qəbiristanlığında gizli dəfn olunub. Bütün bu qeyd olunanlar isə onun intihar etməsi deyil, işgəncə ilə öldürülməsinə dair ehtimalları möhkəmləndirir.

Hesab edirik ki, M.Qələndərovun intihar olayı obyektiv və əhatəli şəkildə araşdırılmalıdır. Bunun ictimaiyyət nümayəndələrinin haqlı tələblərinə cavab olaraq onun qəbri eksqumasiya olunmalı, M.Qələndərova işgəncə verilməsi faktı müstəqil ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırılmalıdır. Sizi çağırışımıza səs verməyə, bu istiqamətdə əməli addımlar atmağa çağırırıq”, müraciətdə qeyd edilir.

PCQ 2011-ci ildə yaradılıb, əsas vəzifəsi KİV əməkdaşlarının həyatı, fəaliyyəti üçün yarana biləcək təhlükənin qarşısını almaq, KİV əməkdaşlarının qətli, döyülməsi, oğurlanması, şantajı və onlara mənəvi-psixoloji təzyiq göstərilməsi hallarını təhqiq etmək və jurnalistlərin həbs olunması faktı üzrə araşdırmalar aparmaqdır.

XS
SM
MD
LG