Lisenziyası ləğv edilmiş ANS televiziyasının kollektivi adından 2003-ci ildə dünyasını dəyişmiş keçmiş prezident Heydər Əliyevə müraciət dərc edilib.
Istiinfo.com saytında dərc olunmuş qəribə müraciətdə deyilir: "Ulu Öndərimiz! Böyük Dostumuz və Liderimiz! Əziz Heydər Əliyev! Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır. Bizi ürəkləndirən odur ki, həmişə ANS-i qiymətləndirmisiniz, qorumusunuz, ən çətin vaxtlarımızda arxa olmusunuz. Azərbaycan xalqının 3 övladının Sovet İttifaqında ilk müstəqil televiziya və radio yaratmaq bacarığına layiqincə dəyər vermiş, “mən bu üç azərbaycanlı gənclə fəxr edirəm!” demisiniz”.
Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı.
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 2016-cı il 15 iyul hadisələrindən sonra ANS televiziyasının efirində Fətulla Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildən etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyinin həmin qərardan Avropa Məhkəməsinə şikayət etdiyi bildirilir.
ANS Milli Teleradio Şurasının iddialarını qəbul etmir və terrora çağırış xarakterli verilişlər yaymadığını bildirir.
ANS-in kollektivi lisenziyası ləğv edildikdən sonra Azərbaycanın ən yüksək rəhbər şəxslərinə müraciətlər qəbul edib. Yüksək məhkəmə instansiyaları da onların şikayətlərini qəbul etməyib.
“Ulu öndərimiz! Mənəvi liderimiz! Bu gün biz ən çətin günlərimizi yaşayırıq. 10 aydan artıqdır ki, keçmiş Sovetlər birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Vətənpərvərliyini və təmizliyini, dəqiqlik və halallığını nümunə göstərdiyiniz, yüksək qiymətləndirdiyiniz, fəxr etdiyiniz, fiziki ömrünüzün sonunda son söz demək üçün seçdiyiniz kanalı terrorçuluğa dəstəkdə günahlandıraraq bağlayıblar. Azərbaycanın müstəqil dövlət quruculuğunun,
Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb.
Qarabağ müharibəsinin, yaşadığımız vətəndaş müharibəsinin, bölgənin, dünyanın ən yeni tarixinin toplaşdığı, yalnız bizə etbar etdiyiniz müsahibə və görüşlərin qiymətli sübutlarını özündə saxlayan Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Həmişə özümüzə dost və qardaş, demokratik azadlıqların təminatçısı hesab etdiyimiz, səs verdiyimiz Prezidentə səsimiz gedib çatmır. Beynəlxalq qurumların Azərbaycanda inkişaf və vicdanlı informasiya modeli saydığı qurumun bağlanması onu milyon manatlarla borcla üz-üzə qoyub”.
Sənəddə deyilir ki, şirkətin qapıları hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib.
“Öz əmlakımıza əl vura bilmirik. Siz bizə “Azərbaycanda qazanın, Azərbaycana sərmayə qoyun!” deyərdiniz. Biz bütün qazandıqlarımızı Azərbaycanımıza yatırmışıq. Bu əməlimizlə fəxr etmişik. Amma indi faktiki olaraq heç nəsiz qalmışıq. ANS bağlanıb. Əlbəttə, bu, böyük dərddir. Amma daha böyük dərd də var: biz gələcəyimizdən məhrum edilmişik”.
Kollektiv bəyan edir ki, Heydər Əliyev yolu ilə gedirlər və yollarını dəyişmək niyyətləri yoxdur.
Yolunuzun layiqli yoldaşlarını bu dəfə də darda qoymayacağınıza inanırıq. Biz sizə burda, yanımızda olanda İlin Adamı dedik, bu adı bizdən alarkən ANS-i şərəfləndirmiş, bizə, obyektivliyimizə yüksək dəyər vermişdiniz
“Yolunuzun layiqli yoldaşlarını bu dəfə də darda qoymayacağınıza inanırıq. Biz sizə burda, yanımızda olanda İlin Adamı dedik, bu adı bizdən alarkən ANS-i şərəfləndirmiş, bizə, obyektivliyimizə yüksək dəyər vermişdiniz. İndi isə Sizə Əbədiyyət Adamı kimi üz tuturuq. Qiymətinizə yenə və daha çox ehtiyacımız var! Son sözü Siz deyin. Qoy adınız və ruhunuz köməyimiz olsun!” müraciətdə qeyd edilir.
Bu qəribə müraciətə kimin və nə vaxt cavab verəcəyi məlum deyil.
ANS televiziyasının yerləşdiyi bina Azərbaycan Milli Elmlər Akademiasının balansındadır. Elmlər Akademiyasının rəhbərliyi Baş Prokurorluğa şirkətin əmlakının binadan çıxarılması və böyük miqdarda icarə haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı müraciət edib.