Accessibility links

Musa Bərzin: Hökmlər qanunsuzdur, məhkəmənin məqsədi türk fəalları incitməkdir


Musa Bərzin son vaxtlar İran Azərbaycanı və Tehranda İnqilab Məhkəmələrinin türk fəallarla bağlı qərarlarının tamamilə qanunsuz şəkildə çıxarıldığını ifadə edir. Amerikanın Səsinə danışan hüquqşünas deyir ki, “bu dosyelərdə biz görürük ki, hakimiyyətin və ya təhlükəsizlik qurumlarının məqsədi milli fəalları incitməkdən başqa bir şey deyildir.”

Musa Bərzin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:46 0:00

Bu yaxınlarda tanınmış fəal Abbas Lisaniyə qarşı 8 il həbs və 2 il sürgün və gənc fəal Kazım Səfabəxşə 13 il həbs cəzası, habelə Siyamək Mirzayinin üç il həbsdən sonra yeni ittihamlarla qarşılaşması milli fəallara qarşı artan basqıların nümunələridir.

Musa Bərzin, hüquqşünas
Musa Bərzin, hüquqşünas

Musa Bərzin Amerikanın Səsi ilə söhbətdə xüsusilə Kazım Səfabəxş və Siyamək Mirzayinin vəziyyətini ətraflı şəkildə dəyərləndirib. O həmçinin İran Azərbaycanı və Tehranda saxlanılan türk fəalların nəzarətə alınmasından məhkəmə qərarının çıxarılmasına qədər baş verən qanunsuzluqları açıqlayıb.

Fəalları heç bir dəlil olmadan tutub gətirirlər və ondan sonra baxıb görürlər ki, bu bir suç işləyib ya yox...

“Bir şəxsə qarşı öncə bir sıra dəlillər və ya sənədlər olmalıdır ki, prokuror onun həbs əmrini verə bilsin. Bu doğru deyil ki, şəxsləri tutub gətirirlər və ondan sonra baxıb görürlər ki, bu bir suç işləyib ya yox,” deyə təbrizli vəkil prosesin başlanğıcdan etibarən qanunsuz şəkildə irəlilədiyini vurğulayır.

İran qanunlarına istinad edən hüquqşünasın söylədiklərinə görə, “bir çox təqsirlərdə nəzarətdə saxlama imkanı əsasən yoxdur. Məhkəmənin vəzifəsidir ki, (saxlanılan şəxsi) mülki zəmanət və ya kəfalət (şəxsi zəmanət) qarşılığında sərbəst buraxsın və onun mühakimə prosesi irəli getsin.”

O əlavə edir, “məsələn, rejimə qarşı təbliğat suçunda heç bir şəkildə nəzarət qərarı verilə bilməz. Nəzarət müddətini uzatmaq da olmaz. Milli təhlükəsizliklə bağlı ittihamlarda da nəzarət qərarı yoxdur. Amma bəzi ağır cəzası olan bu suçlarda, hakim qərar versə ki, bu azadlığa buraxıldıqdan sonra məhkəməyə gəlməyəcək ya qaçacaq, o zaman nəzarət qərarı verə bilər ki bunun da müddəti var və onu uzada bilməz. Amma bir çox fəalın dosyesində görünür ki, nəzarət qərarları yersiz və qanunsuzca verilir.”

Bir çox təqsirlərdə nəzarətdə saxlama imkanı əsasən yoxdur. Məhkəmənin vəzifəsidir ki, tutulan fəalı zəmanətlə sərbəst buraxsın və onun mühakimə prosesi irəli getsin.

Təhlükəsizlik qurumları tərəfindən nəzarət altına alınan türk fəalların heç biri ‘təhqiqat mərhələsi’ndə vəkillə təmin olmur. Mühakimə prosesində isə vəkil yardımından yararlana bilən fəalların sayı çox deyil.

Musa Bərzinin sözlərinə görə, “İran qanunlarında vəkillə təmin olunma haqqı zaman-zaman məhdudlaşdırılır. Misal üçün, indiki qanuna görə, tutulan şəxs milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə üzləşəndə, hər vəkil onu müdafiə edə bilməz. Sadəcə məhkəmə hakimiyyətinin (qüvvəyi qəzayi) təsdiq etdiyi vəkillər o dosyeyə daxil ola bilər.”

O bu vəkillərin hakimiyyətə yaxın olduqlarına diqqət çəkir:

“Bu vəkillərin təcrübələri və ya elmi dərəcələri diqqətə alınmır. Nə qədər hakimiyyətə bağlı olduqlarına görə seçilirlər. İndi (təsdiq olunmuş vəkillərdən) bir siyahı da var. Bir çoxunda görünür ki, təsdiq olunan vəkillər əsasən bu növ dosyeləri almazlar. Bəziləri də təqaüdçü hakimlərdir.”

Hüquqşünasın sözlərinə görə, “əməldə heç bir fəal təhlükəsizlik qurumunda saxlanıldığ zaman vəkillə görüşə bilmir.”

Təhlükəsizlik məsələsi ilə bağlı ittihamlarda sadəcə məhkəmə hakimiyyətinin təsdiq etdiyi vəkillərə dosyeyə baxmaq üçün icazə verilir. Bunlar hakimiyyətə yaxın vəkillərdir.

“Ümumiyyətlə, bu qeydlər olmasa da, əməldə fəalın təhlükəsizlik qurumunda saxlanıldığı zaman heç bir vəkilə icazə verilmir ki, onunla görüşsün və ya dosyesini öhdəsinə alsın,” deyə Bərzin bildirir.

Musa Bərzin vəkil yardımından məhrum olmağın mühakimə prosesinə böyük təsir göstərdiyini önə çəkir:

“Bir şəxs tutulanda bir vəkilin müdafiəsinə ehtiyacı var. Saxlanılan şəxs təbii ki hakimin yanına və başqa məsulların yanına gedə bilməz. Bəlkə qanunları da yaxşı bilmir... Amma biz görürük ki, fəal tutulub, təhlükəsizlik qurumuna, oradan da prokurorluğa aparılıb və bütün bu mərhələlərdə ki bir dosyenin əsas mərhələləridir, vəkili olmur. Sadəcə mümkündür ki, məhkəmədə vəkili ola... Bu bir qanunsuzluqdur və böyük təsirləri də olur.”

Saxlanılan türk fəalların bir çoxunun ailəsi onları müdafiə etmək üçün vəkil tapa bilmir. Hüquqşünas deyir, “vəkillərin bir qisminin heç icazəsi yoxdur ki gəlib dosyeni qəbul etsin. Məhbusun məhkəməyə çıxarıldığı zaman gələ bilərlər, amma vəkillərin böyük bir qismi özləri gəlmək istəmir. Çünki, bu növ dosyeləri qəbul edən vəkillərə zaman-zaman təhdidlər və çətinliklər yaranıb.”

Vəkillərin böyük bir qismi özləri gəlmək istəmir. Çünki, bu növ dosyeləri qəbul edən vəkillərə zaman-zaman təhdidlər və çətinliklər yaranıb.

Bərzin özü vaxtilə həbs olunan türk fəalları müdafiə etdiyi üçün həbs və digər basqılara məruz qalıb.

Tehran İnqilab Məhkəməsi bu yaxınlarda 21 yaşlı fəalı Kazım Səfabəxşi 13 il həbsə məhkum edib. Məhkəmə onun Telegram sosial şəbəkəsində fəaliyyəti, Tehran Kitab Sərgisində üzərində “Haray haray mən türkəm!” yazılmış plakatı nümayiş etdirməsi, habelə boz qurd işarəsi tutaraq çəkdiyi şəkilə istinad edərək bu hökmü çıxarıb.

Musa Bərzin çıxarılan hökmün, ağır olmasından asılı olmayaraq, qanunsuz şəkildə çıxarıldığını vurğulayır:

“Bu hökm ağır olsa da, olmasa da, yanlış hökmdür. Çünki məhkəmə rəyinə əsasən, Kazım Səfabəxşə istunad edilən əməllərin heç biri suç və cinayət deyil. Yəni cəza ağır olmasaydı da, yanlış sayılardı. Bozqurd işarəti və ya hər hansı bir simvolu göstərmək ya ifadə etmək heç bir şəkildə suç deyil. Çünki bu bir əməl sayılmır. Məhkəmə stadiona gedib Traktor komandasının tərəfdarı olmağı və ya orada şüar səsləndirməyi cinayət görüb. Halbuki İran qanunlarında bunlar cinayət deyil. Hökmdə hakim yazır ki, Kazım Səfabəxş əli ilə Türkiyədəki qurdlar partiyasının simvolunu göstərib. Türkiyədə qurdlar partiyası adında bir partiya yoxdur ki. Görünür ki, bu hakimin mövzudan heç xəbəri yoxdur...”

Əsasən kriminologiya baxımından bir gəncə 13 il həbs cəzası vermək doğru deyil.

Təbrizli vəkil əlavə edir, “cəzanın ağırlığına gəlincə, əsasən kriminologiya baxımından bir gəncə 13 il həbs cəzası vermək doğru deyil. İran qanunlarında müqayisə edək görək, 13 il həbs nələrdə var? 13 il həbs adam qaçırma və silahlı soyğunçuluqda var... Burada biri gəlib bir plakat açıb, bir işarət tutub və ya bir yerlərdə bir söhbətlər edib. Bunu gətirib məsələn bir silahlı soyğunçu ilə bir yerdə tutmaq, dinləyicilərimiz qərar verə bilər ki nə qədər qanunsuz və nə qədər haqsız bir hökmdür.”

XS
SM
MD
LG