Bakı Mühəndislik Universitetinin tələbələri - Hüseyn Məmmədov, Cəfər Cəfərov, Lalə Rüstəmli və Qəzənfər Kərimli Azərbaycan Biznes Keys 2017 müsabiqəsinin qalibi olub. Bu barədə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin məlumatında deyilir.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi dekabrın 3-də Bakıda Azərbaycan Biznes Keys 2017 müsabiqəsinin final mərhələsini təşkil edib.
Bu il müsabiqə BP, SOCAR-AQŞ, Azercell, Engin, Azər Türk Bank, AzSığorta, Deloitte və EY şirkətlərinin sponsorluğu, ABŞ səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Azərbaycan Biznes Keys universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır. Yarışmada tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilib.
Müsabiqəyə 5 universiteti - ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulub, onlardan 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda finalına çıxıb.
Yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında təqdim edib. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə münsiflər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edib.
Bu il 15 illiyini qeyd edən müsabiqə 2002-ci ildən həyata keçirilməyə başlayıb. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri bu layihənin əsasını qoyub. 2006-cı ildən etibarən müsabiqənin keçirilməsi hüququ eksklüziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə (AAA) verilib. Bu günə qədər layihədə 1000-dən çox tələbə iştirak edib.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil alan məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında təsis edilib.