Accessibility links

Myanmada 18 etirazçı öldürülüb


Myanmada bir həkim və bir siyasətçinin bildirdiyinə görə, polis bazar günü etirazçılara atəş açıb, ölkədə hərbi çevrilişə qarşı nümayişlərin ən qanlı günündə ən azı 18 nəfəri öldürüb. Qarşıdurma zamanı 30 adam yaralanıb.

Qızı və onun həmkarının dediyinə görə, Yangon şəhərində polisin müəllimlərin etiraz aksiyasını bomba ilə dağıtmasından sonra bir qadının ürək tutmasından öldüyündən şübhələnilir.

Mediada yayımlanan görüntülərdə xəsarət almış bir neçə nümayişçinin digərləri tərəfindən daşındığı və yerdə qan izlərinin qaldığı göstərilib.

Fevralın 1-də hərbçilərin seçkilərdə saxtakarlıq ittihamı ilə Aunq San Su Çi və mülki hökumət üzvlərini həbs etməsindən sonra Myanma boyu hər gün etirazlar keçirilir.

Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri Su Çi və köməkçilərinin azad edilməsini tələb edib və xuntanı mülki hökuməti bərpa etməyə çağırıb.

ABŞ Maliyyə Nazirliyi dinc nümayişçilərin öldürülməsinə cavab olaraq Myanmanın daha iki hərbi rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG