Accessibility links

Taleh Bağırov: Biz ömürlük həbsi bağrımıza basıb qəbul edəcəyik


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası

Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs Abbas Hüseynov çıxış edib. Hüseynov hadisələr zamanı onda və digər təqsirləndirilən şəxslərdə avtomat silahının olmadığını bildirib.

“Onlar burda dedilər ki, bizdə avtomat silahı yox, tapança olub. Amma, qardaşlarımızı avtomat gülləsi ilə vurublar. Bəs bu avtomat kimdə olub”.

Daha sonra Abbas Hüseynov cərimə kamerasında (kars) olarkən durumundan danışıb.

“Məni karsa salıblar. Hələ də karsdayam. Nəyə görə karsa salındığım isə bilinmir. Şənbə günü yağış yağırdı. Həmin soyuq havada üç nəfəri soyundurub döydülər. Sabahı (bazar günü) altı nəfəri döyüblər. İnsan haqları müdafiəçiləri bu işlə maraqlansın. Hamı bilir ki, ifşa etdiyimiz haqsız rejimə görə burdayıq, silaha görə yox”.

Təqsirləndirilən şəxs Abbas Hüseynovdan sonra şahidlər dindirilib.

2015-ci il noyabrın 26-da həbs olunan şahid Rasim Bünyadov əməliyyat zamanı qətlə yetirilən Fərail və Rəfail Bünyadovun əmisi oğludur.

Bünyadov deyir kiİ, Nardaranda əməliyyat keçirilən gün çörək almaqdan qayıdarkən əmisigilin qapısında polisləri görüb:”Namaz üstündə adamlara hücum elədilər. İki mebel maşını ilə gəldilər. Xüsusi təyinatlılar idi. Ardı yenə gəlirdi. Düşdülər, əllərində nə isə vardı, qapının ağzına atdılar. Partlayış səsi gəldi, hər tərəfi tüstü bürüdü. Güllə ata-ata girdilər içəri”.

Bünyadov ittihama işgəncələr altında qol çəkdiyini deyib. “Əmimoğlu Fərailin başını yarmışdılar. Üzündən qan axırdı. Cabbarı isə elə döyürdülər ki, sanki top çiləyirlər.Orada Hacı Talehin belini belə sındırmaq istəyirdilər, amma alınmadı. Bizi bandotdelə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) apardılar. Abbasın halı yox idi, pambıqla su verirdim ona. Sonra xəbər gəldi ki, Abbas ölüb. Mənə bandotdeldə Abbasın öldüyünü dedilər. Sonra dedilər ki, deyim Abbas mənə silah verib”.

Daha sonra hazırda həbsdə olan Nəbizadə Urfan ifadə verib.“Orada iki limonka (qumbara) və doqquz patron qoydular qabağıma. Dedilər ki, Abbasa qarşı ifadə verim ki, guya mənə silah verib. Qorxumdan hamısına qol çəkmişəm. Vallah, “Quran” haqqı məndən çıxmayıb o limonka”.​

Biz xalq olaraq mübarizəmizi davam etdirməliyik. Azadlıq üçün zindanlara girməliyik. Nə qədər adam tutacaqlar? Qoy hamı zindana girsin.
Taleh Bağırov

Məhkəmə prosesi zamanı Taleh Bağırov hakimiyətin ünvanına bir sıra ittihamlar səsləndirib. “Onlar bizi, biz onları qorxutmaq istəyirik. Onlar narahatdılar, çünki itirəcək çox şeyləri var. Azərbaycana bir obyekt kimi baxırlar. Elə bir gözəl güşə yoxdur ki, oranı hasara almasınlar. Heydər Əliyevin vaxtında belə şeylər yox idi. 2003-cü ildən sonra dindarlara, dinə basqılar, hicaba qadağalar artmağa başladı. Bunlar qorxaq olduqları üçün Nardarana o cür girdilər. Mən üç ay azadlıqda oldum gördüm bunlar necə qorxurlar. Qorxaq insan sağlam düşünə bilmir. Haqq sözə dözümləri yoxdur. Tutsalar, da öldürsələr də qorxurlar. Bizim mübarizəmiz insanları ruhlandırır. Ən ağır maddələri veriblər, ən ağır işgəncələri ediblər. Biz ömürlük həbsi bağrımıza basıb qəbul edəcəyik. Bizim mübarizəmiz eşq mübarizəsidir. Qandalı da, onu vuranı da sevirik. Əsgərlər də bizim millətimizdir. Mən görmüşəm müstəntiq necə əzab çəkirdi. Danışırdıq, deyirdim halal edirəm sənə haqqımı. Heydər Əliyev deyirdi dövlət günahkar azadlıqda, günahsız həbsdə olanda sarsılır. Onun bu sözünə görə bu dövlət dağılmalıdır. Eldar Mahmudov çöldədir, günahsızlar içəridə. Hacı Məmmədov bunların içindən çıxmadı? Korrupsiya ölkədə ayaq tutub yeriyir. Neftin qiyməti düşən kimi bunların iç üzü açıldı. Bütün ölkəni yeyib dağıdıblar. Cahangir Hacıyevə 15 il cəza verməklə deyil. O, balaca fiqurdur. Eldar Mahmudov bu xəyanətləri edibsə, o birilər də edirlər. Biz xalq olaraq mübarizəmizi davam etdirməliyik. Azadlıq üçün zindanlara girməliyik. Nə qədər adam tutacaqlar? Qoy hamı zindana girsin. Sən qanını ver gör necə dəyərli olursan. Şəhidlik istəyənin bundan anlayışı olmalıdır. Mübarizə aparmaq lazımdır. Fədakarlıq etməsən olmur. Baxın demokratik ölkələrə. Hamısı inqilab edib, nə qədər insan canından keçib. Çünki azad yaşamaq istəyirlər”, o qeyd edib.

Vəkil Fariz Namazlı zərərçəkmiş şəxs kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statuslarına xitam verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Sabunçu rayon Polis İdarəsində işləmiş Cəsarət Məhərrəmov şahid kimi dindirilib. O, sualların çoxuna “bilmirəm” cavabını verib.

Sonra məhkəmə şahid qismində tanınan polislərin ifadələri ilə davam etdirilib.

Növbəti məhkəmə prosesi oktyabrın 21-i davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG