Accessibility links

Narkotiklərə qarşı mübarizə üzrə milli əlaqələndirici parlamentə hesabat verib


Bu ilin 10 ayı ərzində traffikinqlə bağlı 115 cinayət müəyyən olunub. 85 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında traffikinqə qarşı mübarizə üzrə milli əlaqələndirici, daxili işlər nazirinin müavini Vilayət Eyvazov hesabatla çıxış edib.

Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində traffikinqlə bağlı 115 cinayət müəyyən olunub. 85 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Məcburi əməyə cəlb etmə üzrə cəmi iki hal müəyyən olunub.

Hesabat dövrü ərzində iki şaxələnmiş cinayətkar qrup və 6 cinayətkar qruplaşma zərərsizləşdirilib. Barəsində beynəlxalq axtarış elan olunanlardan 3 nəfəri saxlanılıb.

Traffikinqlə bağlı cinayətlərə görə 10 nəfər 5 ildən 10 ilədək müddətə həbs edilib. 53 traffikinq qurbanı müəyyən edilib, onlardan 19 nəfəri Türkiyədə, 12-si İranda, ikisi BƏƏ-də, 14-ü RF-də olub, 6 nəfərdən isə ölkə daxilində seksual kölə kimi istifadə olunub.

Qurbanlardan 35 qadın subay, 17-si ailəli, ikisi yetkinlik yaşına çatmamış olub. Qurbanların əksəriyyətinin orta təhsili (35 nəfər), dördünün natamam orta təhsili var idi, dörd nəfərin isə ümumiyyətlə təhsili yox idi.

Cənab Eyvazovun sözlərinə görə, hər ay insan alveri qurbanları üçün büdcədən 400 min manat ayrılır. O, həmçinin qeyd edib ki, bu il 35 qurbana 400 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

O qeyd edib ki, son üç ildə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən 45 QHT qeydiyyatdan keçib.

Hesabatda qeyd edilib ki, ötən il reydlər nəticəsində qanunsuz işlərə və dilənçiliyə cəlb edilmiş 455 nəfər yetkinlik yaşına çatmayan şəxs aşkarlanıb.

Deputatların uzun müzakirələrindən sonra parlament hesabatı qəbul edib.
XS
SM
MD
LG