Azadlıq qəzeti Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində narkotik qaçaqmalçılığı ilə bağlı maraqlı bir məhkəmə iclasından repotaj dərc edib.
Məhkəmə Türkiyə vətəndaşı Ateş Rifat Ahmeti mühakimə edir. İttiham külli miqdarda narkotik vasitənin İrandan Hollandiyayadək olan tranzitindən bəhs edir.
SÜRÜCÜDƏN ETİRAFLAR
2014-cü ilin avqust ayının 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcütsana gedən yük avtomobili saxlanılır. Gömrükçülərin diqqətini İrandan gəlib Gürcüstana keçmək istəyən qoşqulu yük maşınının boş olması çəkib.
Yük avtomobili bir neçə dəfə rentgen yoxlamadan keçir və heç nə aşkar edilmir. Gömrükçülər Ateş Rifah Ahmetini sorğu-suala tuturlar ki, bəs bu boş yük maşınıyla o tərəf-bu tərəfə niyə gedib gəlir. Bu, sürücünü də narahat etməyə başlayır. Nəhayət, axtarışa özü də qoşulur və çox çətinliklə yük avtomobilinin qoşqusunun döşəməsinin altından 116 ədəd politen bükümə qablaşdırılmış 72 kiloqram 900 qram heroin aşkar edilir.
Atəş Rifat ifadəsində 7-8 ildir ki, yük avtomobili ilə Türkiyədən Avropaya, əsasən də Türkmənistana tikinti materialları daşıdığını bildirib. Günlərin bir günü isə sifariş bir İran vətəndaşından gəlib:
“Hacıəli adlı İran vətəndaşı bildirdi ki, Avropaya aparılmalı narkotik var. Hər kiloqramına görə 2000 avro zəhməthaqqı təklif etdi. Dedi ki, yükü Almaniyada endirəndə zəhməthaqqısını alacaq.
Narkotiki İrandan Azərbaycana, oradan Gürcüstana, Gürcüstandan Ukraynaya, oradan Polşaya, Polşadan Almaniyaya, daha sonra isə Hollandiyaya aparacaqdım. Razılaşdıq. Vəd etdikləri pulu mənə Almaniyada Kölnlə Axın şəhərlərinin arasında olan beynəlxalq yük avtomobillərinin saxlanılması üçün olan parkda verəcəkdilər”.
Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, avtomobil iki gün ərzində onun iştirakı olmadan İranda narkotiklə yüklənib.
AZƏRBAYCANA DAXİL OLUR...
“İyulun 28-də İranın Astara gömrüyündən Azərbaycana daxil oldum. Gömrükdə avtomobili ətraflı yoxladılar. heç nə tapmadılar. Avtomobil rentgen aparatından da keçirildi, yük yerinin döşəmələrini iki yerdən deşib yoxladılar. Yenə heç nə tapılmadı”.
Yük yerində 73 kiloqrama yaxın heroin gizlədilmiş avtomobil beləcə, Astara gömrüyünü keçir. Növbəti yoxlama Biləsuvar gömrüyündə baş tutur. Yenə heç nə taplmır. Növbəti dayanacaq Tovuzla Gürcüstan arasındakı “Sınıq körpü” postu olur.
“İyulun 30-da Tovuz gömrüyünə çatdım. Avtomobili dayanacaqda qoydum. Uşaqlarım üçün çox darıxmışdım, həm də tutulacağımdan qorxurdum. Ona görə də sonuncu dəfə övladlarımı görmək üçün Türkiyəyə getməyi qərara aldım. Avtomobili orada qoyub piyada Tovuz gömrüyündən keçdim. Tbilisiyə, oradan da təyyarəylə Türkiyəyə getdim. Avqustun 5-də təyyarə ilə Tbilisiyə qayıtdım. Konsulluğa gedib viza almaq üçün sənədlərimi təqdim etdim. Viza və pasportumu alandan sonra Azərbaycan ərazisinə keçib avtomobili saxladığım avtoparka gəldim”.
SÜRÜCÜ: "GÖMRÜKÇÜLƏRƏ DEDİM Kİ, MAŞINDA NARKOTİK VAR"
Gömrük əməkdaşları yük avtomobilinin boş getməsindən şübhəyə düşərək bir neçə dəfə ətraflı axtarıblar. İtləri cəlb ediblər. Yük yerinin döşəməsini söküblər. İki günlük axtarış aparılsa da yenə heç nə tapmayıblar. Bu dəfə sürücü özü də şübhəyə düşüb:
”Üç gömrük postunda dəfələrlə axtarılan yük yerindən heç nə tapmamaları özümdə də şübhə yaratdı. Düşündüm ki, bəlkə məni aldadıblar, heç narkotiki yükləməyiblər. Dedim ki, necə yəni heç nə yoxdur. Gömrükçülərə bildirdim ki, maşına narkotik yüklənib, necə yəni yoxdur. İranda mənim iştirakım olmadan yükləndiyini bildirdim. Axtarış xeyli çəkdi. Nəhayət, avtomobilinin qoşqusunun dördüncü və beşinci taxta döşəmələrinin altından aşkar edildi. Hal şahidlərinin iştirakı ilə tərəzidə çəkildi. Ümumi çəkisi 72 kiloqram 900 qram idi”.
3 KQ NARKOTİK HARA YOX OLDU?
Təqsirləndirilən şəxs narkotikin tərəzidə çəkilərkən 72 kiloqram 900 qram olduğunu və həmin çəkinin də protokollaşdırıldığını bildirsə də, istintaqın sonunda çəkinin azaldılaraq 70 kiloqram qeyd olunduğunu deyir. Onu bir sual maraqlandırır: Bəs 3 kiloqrama yaxın narkotik hara oldu?
Onun vəkili Gülmayə Quliyeva “Sınıq Körpü” postunda yoxlamanı qeydə alan kamera görüntülərinin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb.
Məhkəmə prosesi davam edir.