Accessibility links

Natiq Cəfərli: Azərbaycan Avropa Şurasının paytaxt bələdiyyəsi yaratmayan yeganə üzvüdür (Audio)


Natiq Cəfərli: Azərbaycan Avropa Şurasının paytaxt bələdiyyəsi yaratmayan yeganə üzvüdür (Audio)
Natiq Cəfərli: Azərbaycan Avropa Şurasının paytaxt bələdiyyəsi yaratmayan yeganə üzvüdür (Audio)

İqtisadçı ekspert Amerikanın Səsi radiosuna müsahibəsində paytaxt Bakının idarəetməsindən danışıb.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsi radiosuna müsahibəsində paytaxt Bakının idarəetməsindən danışıb. Onun sözlərin görə, Azərbaycan böyük şəhər bələdiyyəsi yaratmaqla bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb və öhdəliyini hələ də yerinə yetirməyib.

Sual: Azərbaycanın paytaxtı necə idarə edilir? Ölkə Avropa Şurası qarşısında paytaxt bələdiyyəsi yaradacağı ilə bağlı öhdəlik götürüb, amma hələ də bələdiyyə formalaşdırılmayıb.

Cavab: Azərbaycan Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, böyük şəhər bələdiyyəsi yaradacağı ilə bağlı öhdəliyini yerinə yetirməyib. Çünki, böyük şəhər bələdiyyəsi haqqında indiyədək nə qanun qəbul edilib, nə də seçkilərin vaxtı müəyyən edilməyib. Bu onu göstərir ki, həm tikinti, həm kommunal təsərrüfat, həm də soyuq hava şəraiti ilə bağlı yaranan problemlər idarəetmənin nöqsanlı olması ilə bağlıdır. Problemlərin həlli yolu böyük şəhər bələdiyyəsinin yaradılması, paytaxt merinin seçkiləri və paytaxt hökumətinin təşkilindən keçir.

Sual: Böyük şəhər bələdiyyəsinin strukturu necə olmalıdır? Şəhər meriyası institutunun strukturu necə olmalıdır? Bu sahədə Avropa təcrübəsi necədir?

Cavab: Bunun bəlli meyarları var. Avropa Şurasının bələdiyyələrlə bağlı Konvensiyası var, Azərbaycan da bu sənədə qoşulub. Konvensiyada tövsiyə olunur ki, böyük şəhərlərin merləri birbaşa seçilsin. Bununla bərabər, şəhər məclisinə də seçkilər keçirilməlidir. Bundan sonra, merin şəhərin idarə edilməsi ilə bağlı komandası (şəhər hökuməti) formalaşmalıdır. Şəhər hökuməti isə şəhər məclisi tərəfindən təyin edilir. Bu proses həm əhali qarşısında meriyanın məsuliyyətini artırar, həm də idarəetmədə şəffaflığı artırar. Proses mütləq başlamalıdır və Azərbaycan Avropa Şurası qarşısında böyük şəhər bələdiyyəsi yaradılması ilə bağlı öhdəliyini mütləq yerinə yetirməlidir.

Sual: Yeri gəlmişkən, bir qədər qar yağması sanki paytaxtda hərəkəti iflic edib. Küçələr qardan təmizlənmir, nəqliyyatın hərəkətində problemlər yaranıb, elektrik fasilələrlə verilir, insanlar işə gecikir və s. Bu problemlərin həllinin açarı varmı?

Cavab: Əsas idarəetmədə olan problemlərdir. İkincisi infrastrukturun Bakı şəhərinin ehtiyaclarına cavab verə bilməməsidir. Regionlarda iqtisadi və sosial problemlərin həll edilməməsi əhalinin sürətlə paytaxta toplaşmasına səbəb olur. Bakı şəhərinin əhalisinin sayı rəsmi rəqəmlərdə 2,6 milyon göstərilsə də, qeyri-rəsmi məlumatlarda 4 milyona yaxınlaşır. Bu da onun göstəricisidir ki, hökumətin regionların iqtisadi inkişafı ilə bağlı apardığı siyasət fiaskoya uğradığından insanlar sürətlə paytaxta axışır. Daha bir problem idarəetmənin aşağı olması və korrupsiyanın yüksək olmasıdır. İnfrastruktur layihələri həyata keçiriləndə əsas meyar kimi keyfiyyət deyil, hansısa məmurların və ya hökumətə yaxın insanların biznes maraqları öndə olur. Bunların nəticəsidir ki, hansısa bir təbiət hadisəsi baş verəndə, - təbii ki, qışda qar yağar, - şəhər infrastrukturu iflic olur.

Sual: Bakıda neçə illərdir ki, böyük-böyük binalar tikilir, yollar çəkilir, səkilər qurulur, parklar salınır. İndi məlum olub ki, Bakının baş planını hazırlamaq lazımdır. Belə görünür ki, baş plan təsdiqlənəndən sonra tikilənlər yenidən söküləcək?

Cavab: Çox güman ki, elə olacaq. Çünki, yeni baş planın hazırlanması barədə söhbətlər 2005-ci ildən başlayıb. 2008-ci ildə Dünya Bankı təklif etdi ki, baş planın hazırlaması üçün qrant ayırır. Amma, beş ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də baş plan qəbul edilməyib. Mənə elə gəlir ki, baş planın qəbulunda maraqların toqquşması baş verir. Orada hakimiyyətdaxili çox güclü qrupların maraqları kəsişdiyindən baş planın qəbulu uzanır. İndiyədək paytaxtda korrupsiya halları ilə müşayiət olunan tikinti bumu müşahidə olunub. Baş plan qəbul edildikdən sonra bu tikililərin çoxunun söküntüsü qaçılmaz olacaq. Söküntü işlərinin harada və necə aparılmasını deyəsən hökumət hələ müəyyənləşdirməyib. Baş plan qəbul edildikdən sonra söküntü işləri daha da sürətlənəcək və on minlərlə insanı əhatə edəcək. Əgər, hökumətin insanları qane edəcək köçürmə planı olmayacaqsa, on minlərlə ailə problemlərlə üz-üzə qalacaq.

XS
SM
MD
LG