İqtisadçı-ekspert Natiq Cəfərli Amerikanın Səsi radiosuna müsahibəsində Eurovision-2012 mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin ölkədə turizmin inkişafına təsirləri, infrastrukturun belə böyük miqyaslı tədbirə hazır olub-olmaması, görüləcək işlər barədə danışıb. Onun fikrincə, Azərbaycanın otelçilik, informasiya texnologiyaları, internet, peyk rabitəsi, yol, aeroport və sair infrastrukturlar sahəsində mühüm addımlar atmalıdır.
Sual: Azərbaycan Eurovision-2012 mahnı müsabiqəsini keçirməyə hazırdırmı?
Cavab: Maliyyə və iqtisadi baxımdan Azərbaycanın müsabiqəyə ev sahibliyi etməsində heç bir problemi yoxdur. İqtisadiyyatı neftdən asılı olan ölkəmizdə neft gəlirləri və neftin qiymətinin artması fonunda çox böyük miqdarda vəsait toplanıb. Əsas bu vəsaitin məqsədəuyğun və effektiv istifadəsindən gedir.
Bakı şəhəri infrastruktur baxımdan bu cür böyük tədbirə bu gün tam hazır deyil. Amma, ümid etmək olar ki, bu ilin sonunadək Bakıda mərkəzi küçələrin ildə bir neçə dəfə təmir edilməsi ənənəsinə son qoyulacaq.
Bakıda 89 otel var. Bu otellərin 16 faizi lüks, 42 faizi 1-ci dərəcəli nömrələrə sahibdir. Bu potensialı artırmaq lazımdır. Yaxın müddətdə Azneft meydanında tikilməkdə olan For Sizens və Azadlıq meydanında, Parlament prospektində tikilməkdə olan hilton tipli otellər istifadəyə verilərsə bu sahədə vəziyyət kifayət qədər irəli gedər.
Sual: Düseldorf şəhərində keçirilən Eurovision-2011 müsabiqəsi zamanı şəhərə nə qədər turist gəlib? Azərbaycan otelləri nə qədər turist qəbul edə bilər?
Cavab: Düseldorf meriyasının açıqlamasına görə, müsabiqə zamanı şəhərə 70 mindən çox turist gəlib. 2500 nəfərə yaxın isə müsabiqə iştirakçıları və jurnalistlər olub. Təbii ki, Düseldorfa həm avtomobil, həm dəmiryol, həm də hava yolu ilə gəlmək imkanları çox olduğundan turist axını daha çox olub. Bakıda turistlərin sayı bundan az olacaq. Hazırki anda Bakı şəhərindəki otellər üç minədək insana yüksək səviyyədə xidmət edə bilər. Ümumilikdə isə otellər 10 mindən çox insanı qəbul etmə imkanına malikdir.
Sual: Müsabiqə Bakıda mövcud olan hansı stadionda, salonda keçirilə bilər?
Cavab: Bakıda indiki anda Tbilisi prospektindəki Əl Oyunları sarayını göstərmək olar. Burada isə tamaşaçı tutumu 14 min nəfərdir. Müsabiqə orada keçirilərsə rekonstruksiya işləri aparılmalıdır. Başqa halda isə, Tofiq Bəhramov adına stadionda keçirilə bilər. Buranın 40 minədək tamaşaçı tutumu var. Burada da rekonstruksiya işləri aparılmalıdır. Digər variant isə yeni tikilməkdə olan Heydər Əliyev mərkəzidir. Burada işlər bu il başa çatdırılarsa, möhtəşəm tədbir keçirmək olar. Tədbirin keçirilməsi üçün infrastruktur hazırlığı ilə yanaşı, bu tədbir Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılmasına xidmət etməlidir. Əgər, hakimiyyət özünün deyil, Azərbaycanın reklamının həyata keçirilməsinə nail ola bilərsə, burada uduş böyük ola bilər.
Sual: Düseldorf şəhəri müsabiqəyə nə qədər vəsait xərcləyib, gəlirləri nə qədər olub? Azərbaycan nə qədər xərcləyib, nə qədər gəlir əldə edə bilər?
Cavab: Düseldorf meriyası şəhərdə infrastrukturlarla birgə mahnı müsabiqəsinə 47 milyon avro xərcləyib. Gəlirlər isə indiyədək hesablamalarsa görə 150 milyon avrodur. Proqnozlaşdırmaq olar ki, Bakıya turistlər bundan az gələcək, amma xərclənən vəsait Düseldorfdan iki dəfə çoz olacağını güman edirəm.
Sual: Azərbaycanın sərhəd-keçid məntəqələri, aeroportları, internet sistemi, peyk rabitəsi, polis və digər qurumları eyni vaxtda on minlərlə turistə xidmət edə biləcəkmi?
Cavab: Problemli məsələlərdən biri də budur. Azərbaycan ilk öncə viza problemini həll etməlidir. Son zamanlar Azərbaycana əsasən də Avropadan gələn insanlara problemlər yaradılıb. İkinci hüquq-mühafizə əməkdaşlarının savadlılığının artırılması, insanlarla normal davranması lazımdır. Avropada və Amerikada insanlara kifayət qədər yaxşı xidmət edən polislərə, bir daha insanlarla yaxşı davranmaları xatırladılır. Polislər insanlara hərtərəfli yardım etməli, turistlərin suallarına hərtərəfli cavab verməlidir. İnanmıram ki, bizim hüquq-mühafizə orqanlarında ingilis, fransız, alman və digər dilləri bilən çoxsaylı əməkdaş var. Dil problemi də olacaq.
Sual: Azərbaycanın informasiya məkanı, peyk vasitəsi ilə yayım və rabitə sistemi belə tədbirlərə hazırdırmı? Həm də ölkədə belə tədbir qabağı jurnalist və blogerlər həbsdədir?
Cavab: Əsasən, 2010-cu il seçkilərindən öncə bir növ peyk vasitəsi ilə canlı yayın demək olar ki, qadağan olundu. Televiziya kanallarının peyk vasitəsi ilə ölkədən canlı yayımlar aparmasına maneələr yaradıldı. Nəzərə almaq lazımdır ki, müsabiqəyə Avropanın və dünyanın onlarla televiziyaları öz avadanlıqları ilə gələcək və hər gün bir neçə dəfə canlı yayım aparacaq. Azərbaycan hökuməti indidən onlara həm texniki dəstək üçün, həm də hərtərəfli yardım etmə üçün düşünməlidir. Eyni zamanda, Avropanın birincisi olan Azərbaycan media azadlığı sahəsində problemlərini aradan qaldırmalıdır. Bu ölkədə jurnalistlər həbsdə olmamalıdır, internet vasitəsi ilə fikirlərini yazan bloqçular müxtəlif təqiblərə, həbsə məruz qalmamalıdır. İfadə və söz azadlığı təmin olunmalıdır. Bunlar çox vacibdir. Azərbaycan bu istiqamətdə müsbət addımlar atmalıdır. Çünki, həm beynəlxalq təşkilatların hesabatlarında, həm də dünya mediasında Azərbaycanın elə də müsbət imici yoxdur. Azərbaycan azadlıqlara qarşı münasibətini dəyişməlidir.