Accessibility links

Apellyasiya Məhkəməsi dövlətə xəyanətdə günahlandırılanların hökmünü dəyişməyib


Natiq Kərimov
Natiq Kərimov

İyulun 25-d Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun 7 il şərti, dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun isə 5 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Vəkil Yalçın İmanov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil deyib ki, bir sıra məsələlər mütləq araşdırılmalıdır. Amma məhkəmə vəsatəti təmin etməyib.

İ.Əhədovun apellyasiya şikayəti təmin olunmayıb. Hökm dəyişdirilməyib.

Hökmə əsasən, N.Kərimov 7 il şərti cəza alıb. Digər şəxs isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran kəndində xüsusi əməliyyat keçirib. Nəticədə ikisi polis olmaqla 6 nəfər öldürülüb.

Əməliyyatdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək, dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə deyilir ki, İnqilab Əhədov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, 27 yanvar 2016-cı ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG