Accessibility links

AXCP-nin mətbuat katibi sərhəddə saxlanıb - xaricə buraxılmayıb


Natiq Ədilov
Natiq Ədilov

Sentyabrın 8-də AXCP-nin mətbuat katibi, “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilov Azərbaycanın Gürcüstanla sərhədində sərhəd xidməti tərəfindən saxlanıb. Ona vətəndaşlıq pasportunun fəaliyyətinin dayandırıldığı bildirilib.

Natiq Ədilov başına gələnlərlə bağlı bunları deyib:

“Baş verənlər budur: bizim balacanın (uşağını nəzərdə tutur-red) səhhətində problem var, hələ Muradın (Murad Natiq Ədilovun qardaşıdır, bir neçə gün öncə həbs olunub-red) həbsindən əvvəl onu müalicəyə aparmalıydıq. Murad həbs edildi və həmin günün səhərisinə olan biletlərimizi ləğv etməli olduq.

Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orada müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. (Camaatın bank hesabını dondururlar mənim pasportumu)

Qeyd edim ki, pasportumun vaxtının bitmə tarixi 2021-ci ildir.

Soruşdum, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib, ya əvvəl də belə hal olub.

Dedilər, olub, sən tək deyilsən.

Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin. Akt verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır.

Əlavə olaraq öyrəndim ki, pasportumla bağlı avqust ayından Daxili İşlər Nazirliyi belə bir göstəriş verib”, o bəyan edib.

Ədilov baş verənlərlə bağlı baxışlarını da bölüşüb.

“Deməli belə çıxır ki, hələ ki, heç bir bəhanə olmasa belə hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə hər ehtimala qarşı belə qərar verilib ki, istəyəndə tutsunlar.

Yoxsa, hələ ki, heç bir cinayət ittihamı irəli sürülməmiş şəxsin xarici pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi? o sual edir.

Natiq Ədilov iqtidara müraciət edir ki, onun azadlıqda olması hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar.

“Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiniz?

Yaranan problemlə bağlı sabah nazir Usubova müraciətim olacaq, eyni zamanda vəkillərin iştirakı ilə məhkəmə iddiası qaldıracağam”, deyə o qeyd edib.

Natiq Ədilovun açıqlamasına rəsmi orqanlar hələ münasibət bildirməyib.

XS
SM
MD
LG