Accessibility links

NATO-nun baş katibi alyansa üzv olan ölkələrin ərazisinin “hər qarışının” müdafiə olunacağına söz verib


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumunun Avropada sülhün sarsıtdığını deyib və alyansa üzv olan ölkələrinin ərazilərinin “hər qarışını” müdafiə edəcəyinə söz verib.

Stoltenberq NATO səfirlərinin Brüsseldə keçirilən fövqəladə iclasından sonra mətbuat konfransında “Biz yenilənmiş qətiyyət və daha da möhkəm birliklə cavab verməliyik” deyib.

Fevralın 25-də NATO-ya 30 üzv ölkənin liderləri arasında virtual görüşün keçiriləcəyini təsdiqləyən Stoltenberq "Bizim gördüyümüz iş müdafiə xarakteri daşıyır" - deyə, bildirib.

Stoltenberq alyansın bir üzvə hücumun bütün üzvlərə hücuma bərabər olduğunu qeyd edən 5-ci maddəyə sadiqliyini bir daha təkrarlayıb.

Onun sözlərinə görə, alyans Rusiyanın NATO üzvü olmayan, lakin Qərblə həmrəy olan Ukraynaya hücumundan sonra müttəfiq ölkələr üçün nəzərdə tutulan “müdafiə planlarını” işə salır.

NATO rəhbəri Qərbin hərbi alyansının artıq müdafiə imkanlarını gücləndirirdiyini və üzvlərin hava məkanını qorumaq üçün 100-dən çox döyüş təyyarəsinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Stoltenberq Rusiyanın Ukraynaya hücumunu “məqsədli, soyuqqanlı və çoxdan planlaşdırılmış hərbi müdaxilə” adlandırıb.

“Rusiya tarixi yenidən yazmağa cəhd etmək üçün gücdən istifadə edir” - deyə, o bildirib.

Fevralın 24-də keçirilən fövqəladə iclas Estoniya, Latviya, Litva və Polşanın NATO nizamnaməsinin 4-cü maddəsinə əsasən nadir məsləhətləşmələr tələb etməsindən sonra baş tutub. Həmin maddə “[NATO] tərəflərindən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhlükə altında olduqda” işə salına bilər.

NATO şərq cinahına əlavə qoşunlarını Rusiyanın Ukraynaya 2014-cü ildəki hərbi müdaxiləsi zamanı Krımı ilhaq etməsindən sonra göndərməyə başlayıb. O vaxtdan bəri Moskva Kiyev hökumətinə qarşı qanlı müharibədə Ukraynanın şərqindəki separatçıları dəstəkləyib.

XS
SM
MD
LG