Fransa prezidenti Emanuel Makron deyib ki, NATO liderləri hərbi alyansın gələcəyi və Rusiya ilə əlaqələrin necə yaxşılaşdırıla biləcəyi barədə dərin bir müzakirə aparmalıdır.
Gələn həftə Londonda keçiriləcək NATO liderlərinin sammitindən əvvəl Makron Parisdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
"Əsl ittifaq sözlərdə deyil, əməllər və qərarlardadır. Buna görə də mən müttəfiqlər arasında əsl dialoqun olmasını istəyirəm" - deyə, Makron Stoltenberqlə birgə keçirilən mətbuat konfransında bildirib.
Makron bu çağırışını alyansı `ölü beyin` adlandırmasından üç həftə sonra edib.
Makron son şərhlərinin "oyanış çağırışı" olmasından məmnun qaldığını və "yalnız maliyyə və texniki məsələlər haqqında danışmağa davam etməyin məsuliyyətsizlik olduğunu" deyib.
Fransa prezidenti NATO-nun bundan əvvəlki iki sammitində "Birləşmiş Ştatlar üçün maliyyə xərclərinin necə azadılması" mövzusunun diqqət mərkəzində olduğundan təəssüfləndiyini bildirib.
Üç il əvvəl Ağ Evdə vəzifəsinin icrasına başlayandan prezident Donald Tramp NATO üzvlərinin gələcəkdə alyansın hərbi xərclərinin çox hissəsinin Birləşmiş Ştatların öz üzərinə götürəcəyini gözləməməli olduğunu deyir. ABŞ müdafiə xərclərinə NATO-ya üzv olan 28 ölkənin birlikdə çəkdiyi xərclərdən daha çox vəsait ayırır.
Dekabrın 3-ü və 4-ü Londonda keçiriləcək zirvə görüşündə Donald Trampın Avropa ölkələri və Kanadadan müdafiə xərclərini artırmaları tələbini təkrarlayacağı gözlənilir.
Makron həmçinin alyansın hədəflərinin aydınlaşdırmasına ehtiyac olduğunu və əsas diqqətin Rusiya və ya Çinə deyil, ümumi düşmən olan ekstremist qruplara yönəltməli olduğunu deyib. "İttifaq üçün ortaq düşmənimiz, ölkələrimizin hər birini vuran terrordur`" - deyə, o bildirib.