Rusiyanın xəbər agentliklərinin bildirdiyinə görə, NATO-nun döyüş təyyarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun uçduğu təyyarəyə yaxınlaşıb.
İnsident Baltik dənizi üzərində baş verib. NATO təyyarəsi nazirin təyyarəsinə neytral sular üzərində yaxınlaşıb, lakin Rusiyanın eskord təyyarəsi ilə kənarlaşdırılıb.
NATO bildirib ki, təyyarə standart prosedur uçuşla səmaya qalxıb.
NATO-nun yüksək rütbəli hərbi təmsilçisi Amerikanın Səsinə bildirib ki, ötən həftə Baltik dənizi üzərindən qeyri-adi şəkildə çoxsaylı təyyarə uçub. Onun dediyinə görə, NATO-nun hava məkanında tanınmayan təyyarələrin monitorinqi NATO-nun vəzifəsidir.
“NATO təyyarələri digər təyyarələri müəyyən etdikdən sonra yerinə qayıdır. Bu, adi bir təcrübədir. Bizim pilotlar təhlükəsiz və məsuliyyətli şəkildə iş görür”-deyə rəsmi bildirib.
İnsident Şoyqu müdafiə rəsmiləri ilə görüş üçün Rusiyanın Kalininqrad şəhərinə gedərkən baş verib.
ABŞ Hərbi Dəniz Donanmasının bildirdiyinə görə, çərşənbə axşamı günü Rusiya təyyarəsi Baltik dənizi üzərində Amerikanın təyyarəsinə yaxınlaşıb.
Pentaqon bildirir ki, RC-135 təyyarəsinə yaxınlaşma qeyri-peşəkar səviyyədə olub.