Accessibility links

İlham Əliyevin sərəncamı ilə nazirlər təyin edildi


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş nazirin müavini oldu.

Əvvəlki hökumətdə baş nazirin müavinləri olmuş Elçin Əfəndiyev, Abid Şərifov və İsmət Abasovun adları yeni sərəncamda yoxdur.

Əksər nazirlər vəzifəsində qalıb. Siyahıda Müdafiə Sənayesi naziri vəzifəsinə təyinat yoxdur. Əvvəlki hökumətdə bu vəzifəni Yavər Camalov tuturdu. Eləcə də təhsil naziri vəzifəsinə təyinat yoxdu.

Əvvəlki təhsil naziri Mikayıl Cabbbarov bir müddət əvvəl vergilər naziri təyin olunandan sonra həmin vəzifə boş qalmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində Səlim Müslümovu Sahil Babayev əvəzləyib. Kənd təsərrüfatı naziri də dəyişib. Heydər Əsədovu İmam Kərimov əvəzləyib.

Mədəniyyət və Turizm naziri vəzifəsinə də heç kim təyin edilməyib. Bir gün əvvəl prezident nazirliyin Mədəniyyət Nazirliyi və Turizm Agentliyinə parçalanması haqda sərəncam verib. Səhiyyə naziri də bəlli deyil. Əvvəlki hökumətdə bu vəzifəni Oqtay Şirəliyev tuturdu.

Gənclər və İdman naziri vəzifəsinə də təyinat yoxdu. Bu vəzifədə isə Azad Rəhimov çalışırdı. Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsi də boş qalıb. Bu nazirliyə isə Hüseynqulu Bağırov rəhbərlik edirdi. Köhnə hökumətdə Abbas Ələsgərovun başçılıq etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Samir Nuriyev rəhbər təyin edilib.

Əli Həsənov baş nazirin müavini vəzifəsini qorusa da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirib. Onu yeni hökumətdə Rövşən Rzayev əvəzləyəcək.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Mədət Qəzənfər oğlu Quliyev;

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov.

Bir sıra nazir və dövlət komitəsi sədri vəzifələrinə hələ ki təyinat olmayıb.

Aprelin 21-də prezidentin başqa bir sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Aprelin 21-də Milli Məclis prezidentin təqdimatı ilə Novruz Məmmədovu baş nazir vəzifəsinə təsdiq edib.

XS
SM
MD
LG