Accessibility links

Cənubi Sudanda və Liviyada vəziyyət qlobal neft bazarına öz təsirini göstərir


Ötən ilin son günləri bir barrel xam neftin qiyməti 100 dollar həddinə çatmışdı. Qlobal neft qiymətlərinin qalxması Liviya və cənubi Sudanda qeyri-sabitliklə əlaqədar narahatlıqlar və ABŞ-da yanacağa tələbatın artması ilə izah edilir.

Cənubi Sudanda döyüşlər və Liviyada tənzimlənməyən neft hasilatı qlobal neft bazarına öz təsirini göstərir.

Enerji haqda aparıcı informasiya şirkəti olan Platts agentliyinin direktoru Con Kinqstonun sözlərinə görə, dünya bazarlarında lazımından daha artıq neft olduğu haqda bir təsəvvür yaranır. Lakin dünyanın bir sıra yerlərində qeyri-sabit vəziyyətin bazara təsiri güclüdür. “Liviyada hasilatın həcmi dəyişib. Bəzən bu, gündə 500 min barrel təşkil edir, bəzən isə 100 min barrel həddinə düşür. Lakin bu, gündə 1,5-1,6 milyon barrel neft hasil etməyə qadir bir ölkədir. İndi isə daha kiçik neft istehsalçısı olan Cənubi Sudanda vəziyyət gərgindir. Bütün bunlar geo-siyasi vəziyyətə təsir göstərən bazarda hasilatın azalmasına gətirib çıxara bilər”-deyə o bildirir.

Cənubi Sudanda döyüşlərin getdiyi yerdə gündə 45 minlə 50 min barrel arasında neft hasil edilir. Con Kinsqton başqa ölkələrlə müqayisədə burada daha az həcmdə neft hasil edildiyini deyir. Lakin o bildirir ki, iki ölkədə yaranmış problemlər birlikdə neft bazarına təsir göstərir. “Burada başqa məsələlər də var. İstehlak malları qiymətlərinə təsir göstərən faiz dərəcələrinin yüksəlməsinin şahidi oluruq. ABŞ-da tələbat güclü real artıma işarə edir. Gündə bir milyon barrel tələbatdan söhbət gedir, eyni zamanda, ilin dördüncü rübündə ümumdaxili məhsulun üç faizdən dörd faizə qədər artması kifayət qədər güclü göstəricidir. Bütün bunlar tənəzzül edən bazara təsir göstərir”-deyə o bildlirir.

Con Kinqston deyir ki, neft bazarı şaiyələrə reaksiya göstərən fond birjalarından fərqlənir. Onun sözlərinə görə, neft bazarında vəziyyəti Uoll Stritdəki vəziyyətlə müqayisə etmək düzgün deyil. Platts təşkilatının direktoru neft bazarında qiymətlərin 100 dollar ətrafında nə zamana qədər qalacağı ilə bağlı qabaqcadan proqnozlaşdırmaq istəmədiyini deyib.
XS
SM
MD
LG