Accessibility links

2017-ci ilin iyul ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib. Gündəlik 611,3 min barrel xam neft, 51,6 min barrel kondensat, 15,7 min barrel isə neft məhsulları ixrac edilib. Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişinə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub.

Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci ildə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

XS
SM
MD
LG