Güclü külək əsməsi səbəbindən Xəzər dənizindəki özüllərdə çalışan neftçilər təxliyə edilir.
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin məlumatında deyilir ki, ümumilikdə 204 neftçi təxliyə edilib.
“Hava şəraitindən asılı olaraq estakada və meydançalarda hərəkət məhdudlaşdırılacaq. Vacib olmayan işçilər yaşayış məntəqəsinə təxliyə olunacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, xəbərdə deyilir.
Aprelin 24-də və 25-də açıq dənizdə küləyin sürətinin 34 metr/saniyə qədər artacağı gözlənilir. Belə durumlarda dalğaların hündürlüyü 3-5 metr, bəzən 5-7 metrə çatır.
Son bir neçə ildə Xəzərdə kəskin hava şəraitindən otuzdan çox neftçi həyatını itirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 25-də də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi barədə xəbədrdarlıq yayıb.