Accessibility links

Neftin qiyməti son dörd ildə ən yüksək həddə çatdı


CNBC agentliyi xəbər verir ki, ABŞ neftinin qiyməti oktyabrın 1-də son dörd ilin ən yüksək həddinə çatıb. Təhlilçilər bunu ilk növbədə İran nefti üzərinə gözlənilən sanksiyalar və Şimali Amerikadakı ticarət gərginliyi ilə bağlayırlar.

Oktyabrın 1-də Qərbi Texas neftinin qiyməti 2.05 dollar və ya 2.8 faiz artaraq bir barrel üçün 75.30 dollar olub. Bu, 2014-cü ilin noyabrından bəri neft qiymətinin çatdığı ən yüksək həddir.

Brent Markalı neftin qiyməti 2.31 dollar və ya 2.8 faiz artaraq bir barrel üçün 84.04 dollar olub. Bu da son dörd ilin ən yüksək qiymətidir.

Neft qiymətlərinin qalxmasından əvvəl Birləşmiş Ştatlar, Kanada və Meksika - Şimali Amerika Azad Ticarət sazişini (NAFTA) imzalamağa hazır olduqlarını elan etmişdilər.

Again Capital investisiya fondundan John Kilduff deyib ki, bu saziş Meksikaya ABŞ neftini almaq imkanı verəcək.

Bundan başqa Çinin Sinopec şirkəti Tehran üzərinə ABŞ sanksiyalarının bərpa olunacağı 4 noyabr ərəfəsində İrandan neft idxalını yarıbayarı azaldıb.

Prezident Trump İranla biznes edən şirkətlərin cəzalandırılacağı ilə hədələyib.

Buna baxmayaraq dünyada xam neftin ikinci ən böyük alıcısı olan Çinin ABŞ sanksiyalarına əməl edib-etməyəcəyi bəlli deyil.

Kilduff-un fikirncə İran Milli Neft Şirkətinin Oman portunda neft terminalı tikmək barədə bağladığı saziş də ondan xəbər verir ki, Tehran özünün xam neft bazarının daralacağını gözləyir.

ABŞ-ın OPEC-in üçüncü böyük hasilatçısı olan İranın üzərinə sanksiyaları ilin sonunadək təqribən günə bir milyon barrel neftin bazardan siilinməsinə səbəb olacaq.

JTD Energy Securities firmasının baş təhlilçisi John Driscoll deyib ki, belə vəziyyətdə 1 barrel üçün 100 dollar qiyməti tamamilə real, bəlkə də qaçılmaz görünür.

Onun sözlərinə görə, hazırda neft bazarında panikaya bənzər alış gəlhagəli başlanıb. Təhlilçi bildirir ki, qarşıdan anbarlarda neftin daha az olduğu zaman gəlir.

Lakin buna baxmayaraq neft qiymətlərinin qalxması onun inkişaf etməkdə olan ölkələr tərəfindən idxalının azalmasına səbəb ola bilər.

Driscoll deyir ki, bu, öz növbəsində həmin ölkələrdə inflyasiyanın yüksəlişinə gətirib çıxaracaq.

AzadlıqRadiosu

Fikirləriniz

Show comments

XS
SM
MD
LG