Accessibility links

"Cənub-Qərb" nəqliyyat marşrutu inkişaf perspektivləri müzakirə edilib


Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi saytı məlumat yayıb.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolu rəhbərlərinin "Cənub-Qərb" nəqliyyat marşrutu inkişaf perspektivləri ilə bağlı ilk yığıncağının protokolunun müzakirəsi və qəbul edilməsi məsələləri müzakirə edilib. Həmçinin görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hazırlanmış veb-saytının və video-çarxın təqdimatı olub.

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərləri görüşüb
Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərləri görüşüb

Müzakirələrlərdən sonra qərara alınıb ki, Hindistan - Fars Körfəzi - İran - Azərbaycan - Gürcüstan - Ukrayna - Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda bu marşrut üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın.

Qəbul edilmiş razılığa əsasən, "Cənub-Qərb" marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları arasında koordinasiya işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib. Eyni zamanda "Cənub-Qərb" marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yarana biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə Koordinasiya Komitəsinin nəzdində İşçi Qrup yaradılacaq.

XS
SM
MD
LG