Accessibility links

Avropa İttifaqı: Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat sistemində böyük addımdır


Bakı Tbilisi Qars
Bakı Tbilisi Qars

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır. Bu barədə Avropa İttifaqnının dəmir yolunun açılışı ilə bağlı oktyabrın 30-da yaydığı bəyanatda deyilir.

Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır, bu sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına, ticarətin artmasına səbəb olacaqdır.

Avropa İttifaqı hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

“Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləmişdir. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısını təmin edəcəkdir”, sənəddə qeyd edilir.

Avropa İttifaqı enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəklədiyini bəyan edib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

Layihə çərçivəsində Gürcüstanda Axalkalaki stansiyasından Qars şəhərində dəmir yolu stansiyasına qədər 105 km uzunluğunda dəmir yolu xətti tikilib, bunun 76 kilometri Türkiyənin, 29 km-i Gürcüstan ərazisinin payına düşür. Axalkalakidə həmçinin 1435 mm / 1520 mm təkərdəyişdirmə stansiyası tikilib. Həmçinin, 183 km-lik Axalkalaki-Tbilisi hissəsinin yenidənqurması həyata keçirilib. BTQ-nin ümumi uzunluğu 826 km-dir.

Birinci mərhələdə BTQ ilə ildə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınacaq, gələcəkdə illik yük axını 17 mln. tona, sərnişin axını 3 mln-a çatdırılacaq.

Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilib. Azərbaycan Gürcüstana ümumi məbləği 775 mln. dollar olan iki imtiyazlı kredit ayırıb.

BTQ ilə qatarların maksimum hərəkət sürəti saatda 120 km-ə çatacaq.

BTQ Avropadan Çinə qədər dəmir yollarının birləşdirilməsi üzrə daha böyük layihə olan yeni “Böyük İpək Yolu” layihəsinin bir hissəsidir.

Türkiyə dəmir yollarının inkişafı proqramına əsasən İstanbulda Bosfor körfəzi altında Marmaray sualtı dəmir yolu tuneli tikilib, bu, ümum-Avropa dəmir yolları şəbəkəsi ilə birbaşa əlaqəni təmin edir.

BTQ-nin açılışı birbaşa dəmir yolu daşımalarını (yüklər bir nəqliyyat növündən başqasına yüklənmədən) həyata keçirməyə imkan verəcək. Bu, okean daşımalarına alternativ olacaq və malların yolda keçirdiyi vaxtı iki dəfədən çox - 12-15 günə qədər azaltmağa imkan verəcək.

XS
SM
MD
LG