Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin İrandan Ukraynaya aparılmasının qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Astara gömrük keçid məntəqəsində (İranla sərhəd, Bakıdan 317 kilometr cənub) Azərbaycan vətəndaşı İmamverdi Ağayevin idarə etdiyi yük avtomobilinin qoşqusindakı 800 ədəd polietilen torbada olan "Sodium Karbonat" yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Bu zaman üzərində "Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder" sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.
Məlumatda deyilir ki, nəqliyyat vasitəsində olan "Sodium Karbonat" yükünün Azərbaycandan tranzit keçməklə İranın "Mojtaba Shage Azar" şirkətindən Ukraynanın "LLC Lisintra" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.