İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı Qəzzanın cənubunda tankları Rəfaha doğru irəliləyən İsrail əsgərlərinə baş çəkib. Bu səfər Netanyahunun gələn həftə Vaşinqtonda ABŞ Konqresində çıxış etməsindən əvvələ təsadüf edib.
Baş nazirin gözlənilməz səfəri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin həmin gün Qüdsdəki mübahisəli müqəddəs məkanı ziyarət etməsindən sonra baş verib.
Ofisi Netanyahunun səfəri barədə məlumatı o, Qəzzanın cənubunu tərk etdikdən sonra açıqlayıb. Daha sonra o, bəyanatında "Girovların azad edilməsində bizə yalnız hərbi təzyiq yolu kömək edə bilər" deyib.
Bundan əvvəl İsrail parlamenti "Knesset" Fələstin dövlətinin yaradılmasının əleyhinə olan qətnaməni asanlıqla qəbul edib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, İsrail siyasətçiləri Ben-Qvirin "Məscidül-Əqsa"ya səfərindən sonra ehtirasları alovlandırmamalıdır.
"Biz israilli həmkarlarımızı ehtirasları alovlandıran, bu və ya digər şəkildə zorakılığa yol açan və ya təşviq edən heç bir addım atmamağı çağırmağa davam edəcəyik" - deyə, Kirbi bildirib.
Döyüşlər cümə axşamı da davam edib. Belə ki, İsrail qaçqın düşərgələrini bombalayıb və Qəzza şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumlar həyata keçirib.
Səhiyyə rəsmilərinin dediyinə görə, İsrailin hava hücumları Zavayda, Bureyc və Nuseyrat düşərgələrində, həmçinin daha əvvəl İsrail əsgərləri tərəfindən işğal edilməmiş Deyr Əl-Bələh şəhərində 16 nəfərin ölümünə səbəb olub.
İsrail ordusu biri 7 oktyabr 2023-cü il hücumunda iştirak edən də olmaqla, hava hücumları nəticəsində iki "İslami Cihad" komandirinin öldürüldüyünü bildirib. Fələstinli həkimlər iki zərbə nəticəsində 5 nəfərin öldüyünü bəyan edib.
HƏMAS militantlarının oktyabrın 7-də İsraillə müharibəyə səbəb olan terror hücumu zamanı 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın girovu əsir götürüb. İsrail hərbçilərin öldüyü dediyi 42 nəfər də daxil olmaqla, HƏMAS-ın hələ də 116 nəfəri girov saxladığına inanır.
Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzzaya qurudan və havadan hücumları 38 700-dən çox insanın ölümünə səbəb olub.
Forum