Accessibility links

ABŞ Navalnıya qarşı yeni ittihamları “şübhəli” adlandırıb


Aleksey Navalnı
Aleksey Navalnı

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Moskvanın xaricindəki cəzaçəkmə müəssisəsində mühakimə olunan rus müxalifət lideri Aleksey Navalnıya qarşı “şübhəli yeni ittihamlardan narahat olduğunu” deyib.

Navalnı mənimsəmə və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Günahı sübuta yetirilsə, onu daha 15 ilə qədər həbs cəzası gözləyir.

“Navalnı və onun tərəfdaşları rəsmi korrupsiyanı işıqlandırmaq məqsədilə gördükləri işlərə görə hədəflənirlər”, Blinken Twitter hesabında yazıb. O, əlavə edib ki, Rusiya hakimiyyətini Navalnını azad etməyə və onun tərəfdarlarına qarşı təqiblərə və ittihamlara son qoymağa çağırır.

Kreml tənqidçisi 2021-ci ilin yanvarında həbs edilib və zəhərli hücumdan müalicə üçün bir neçə ay Almaniyada qalaraq şərti azadlığa buraxılmasının şərtlərini pozmaqda təqsirli bilinib. O, iki il yarım müddətinə azadlıqdan məhrum edilib.

Navalnıya qarşı yeni məhkəmə işində Rusiya müstəntiqləri onun FBK antikorrupsiya siyasi təşkilatına ianə olunan pulları mənimsədiyini bildirib. Məhkəmə ittihamına hörmətsizlik işi Navalnının əvvəlki məhkəmə prosesində hakimi təhqir etməsindən qaynaqlanır.

“Sadəcə, bu məhkəməni sifariş edən insanlar həqiqətən qorxurlar”, 45 yaşlı Navalnı dinləmə zamanı deyib. “Bu məhkəmə zamanı dediklərimdən, insanların işin açıq-aşkar uydurma olduğunu görməsindən.”

Navalnı ittihamları qəti şəkildə rədd edir və onların siyasi motivli olduğunu deyir.

"Mən bu məhkəmədən, cəzaçəkmə müəssisəsindən, FSB-dən, prokurorlardan, kimyəvi silahlardan, Putindən və digərlərindən qorxmuram", - Navalnı deyib - "Mən qorxmuram, çünki bütün bunlardan qorxmağın alçaldıcı və faydasız olduğuna inanıram."

Navalnının müttəfiqləri yeni ittihamları pisləyib və vəkili bunun Kremlin onu susdurmaq cəhdi olduğunu bildirib.

“Biz hesab edirik ki, Navalnının təqibi qeyri-qanunidir, açıq-aşkar siyasi xarakter daşıyır və onu nüfuzdan salmaq və siyasi fəaliyyətdən uzaqlaşdırmaq məqsədi daşıyır” - deyə, vəkil Olqa Mixaylova bildirib.

Bir neçə ay əvvəl Navalnı və onun tərəfdaşları Rusiya rəsmiləri tərəfindən ekstremistlər və terrorçuların dövlət reyestrinə daxil edilib.

XS
SM
MD
LG