Rusiyanın Kiyev və Lvovdakı konsulluqlarının diplomatlarına Ukrayna ərazisini tərk etməyə hazırlaşmaq əmri verilib. Bu barədə Nyu York Tayms qəzeti Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli rəsmisinə istinadən yazır.
Qəzetin istinadə etdiyi mənbənin məlumatına görə, yanvarın 5-də əksəriyyəti rusiyalı diplomatların uşaqları və həyat yoldaşları olan 18 nəfər avtobuslara minərək Moskvaya gedib. Onların ardınca Rusiya diplomatik missiyalarının daha 30-a yaxın əməkdaşı gedib, qalanlarına yola düşməyə hazırlaşmaq əmri verilib.
Nyu York Tayms qəzetinin yazdığına görə, Vaşinqton evakuasiyadan xəbərdar idi.
"Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində onların ailə üzvlərini Rusiyanın Ukraynadakı səfirliyindən təxliyə etməyə hazırlaşdığını göstərən məlumatlar var", qəzet ABŞ rəsmilərindən birinə istinadən məlumat verir.
Nyu York Tayms Ukrayna və ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya səfirliyinin işçilərinin sayının azaldılması “qismən təbliğat, qismən yaxınlaşan münaqişəyə hazırlıq, qismən hiylə və ya hər üç ssenari ola bilər”.
Eyni zamanda, məqalədə deyilir ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin hələ də işğalla bağlı qərar vermədiyini hesab.
İnterfaks agentliyi xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi qəzetdəki məqaləyə münasibət bildirmək sorğusuna cavab olaraq Rusiyanın Kiyevdəki səfirliyinin normal qaydada fəaliyyət göstərdiyini bildirib.