Accessibility links

NİDA-çıların məhkəməsi qarşısında insident [Video]


NİDA-nı dəstəkləyənlər – məhkəmənin qarşısında gərginlik
please wait

No media source currently available

0:00 0:04:15 0:00

NİDA-nı dəstəkləyənər – məhkəmənin qarşısında gərginlik

NİDA-çı gənclərin məhkəməsi davam etdirilib. Məhkəmənin qarşısında gərginlik yaranıb

NİDA fəallarının işi üzrə məhkəmədə vəkillərin çıxışı başlayıb. Bu gün xüsusi təhlükəsizlik tədbirləri görülüb: məhkəməyə gələnlərin hamısı yoxlanılıb. Jurnalistlərin çoxu zala buraxılmayıb.

Müttəhimlər zala gətirilən zaman alqışlarla qarşılanıblar. Eyni zamanda küçədə alqış səsləri eşidilib.

Jurnalistlər müttəhimlərlə söhbət edə biliblər. 6-cı gündür ki, aclıq edən fəallar çox solğun görünür.

Rəşad Həsənov zala səslənərək, - “biz aclığı dayandırmayacağıq”, - söyləyib. Bəxtiyar Quliyev deyib ki, axşam halı pisləşib. Rəşadət Axundov qeyd edib ki, mədəsi ağrıyır.

Zaur Qurbanlı müttəhimlərin valideynlərinin aclıq etməsi ilə bağlı deyib ki, onlar valideynlərin aclığı dayandırmasını istəyirlər.

6 gün ərzində yalnız bir dəfə həkim onları müayinə edib. Beynəlxalq təşkilatların nümayəndələrinin onlara baş çəkib-çəkməsi barədə sualın cavabında İlkin Rüstəmzadə deyib ki, nə Qırmızı Xaç, nə də ombudsman nümayəndələri onlara baş çəkməyiblər.

Sonra vəkil Əsabəli Mustafayev cinayət işinin saxtalaşdırıldığını bildirib, müttəhimlərin “mütəşəkkil cinayətkar qrup” olması barədə fikrilərin əsassız olduğunu söyləyib.

“Molotov kokteyli” əslində alışdırıcı maddə olub. Sonradan butılkalara içərisində barıt olan şprislər bərkidilib və partlayıcı qurğu kimi təqdim edilib. O, məhkəmədən bəraət haqda qərarın çıxarılmasını xahiş edib.

Vəkil Yalçın İmanov da cinayət işini uydurma adlandırıb və qeyd edib ki, bütün müttəhimlərə eyni ittihamlar irəli sürülüb.

İstintaq müttəhimlərin mütəşəkkil cinayətkar qrup olmasını sübut etməyib. Dəqiq vəzifə bölgüsünə və funksiyaya, ciddi intizama, cinayətkar fəaliyyətdən gələn gəlirin bölünməsi üzrə konkret planlara malik olan birliklər bu cür qruplar sayılır. O, hakimi hökmü oxuyarkən zalda oturanların gözlərinin işinə baxmağa çağırıb.

Hakim Cavid Hüseynov vəkilə irad tutaraq deyib ki, o, müdafiə nitqi ilə çıxış etməlidir, ittihamnamə ilə yox.

Y.İmanov bildirib ki, fəallar ifadə azadlığı hüququnun reallaşmasına görə həbs olunublar. Onların barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3,5, 6,8, 10 maddələri pozulub.

“Bəraət hökmü çıxarmayan məhkəməni mən məhkəmə saymıram”, - vəkil vurğulayıb.

Sonra vəkil Nemət Kərimli çıxış edib. O, müttəhimlərin konstitusion hüquq və azadlıqlarının pozulduğunu qeyd edib.

Aprelin 24-də vəkillərin çıxışları davam edəcək.

***
Aprelin 17-dən 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına baçlayan NİDA Vətəndaş Hərəkatının fəallarının məhkəmə prosesi bu gün davam etdirilir.

Gənc fəallara dəstək məqsədi ilə çoxsaylı insan Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının qarşısına toplaşıb. Bu zaman məhkəmənin qarşısında keşik çəkən polis əməkdaşları insanların məhkəmə binasının girişinə yaxınlaşmasına mane olub. Saxlananlar var.

NİDA təşkilatının 8 fəalı 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu iddia edirlər.

NİDA fəalları aprelin 17-də həbsdən azad edilmələri tələbi ilə aclıq aksiyasına başlayıb. Aprelin 20-dən fəalların valideynləri də aksiyaya qoşulub və Müsavat Partiyasının qərargahında aclıq edirlər.

Aksiya məhkəmədə prokurorun gənclərə 8 il yarımadək həbs istəməsindən sonra başlanıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror iş üzrə təqsirləndirilənlər, - Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.
XS
SM
MD
LG