Accessibility links

NİDA fəallarının məhkəməsi


NİDA-çılar hakimə arxa çevırıb
NİDA-çılar hakimə arxa çevırıb

Gənc fəal Bəxtiyar Quliyev ifadə verib

Martın 28-də NİDA fəallarının işi üzrə məhkəmədə təqsirləndirilən şəxs Bəxtiyar Quliyev ifadə verib.

O, 2013-cü il martın10-da Bakıda əsgər ölümlərinə qarşı etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaq ittihamını təkzib edib.

Quliyev bildirib ki, MTN-də işgəncələr altında etirafedici ifadələr vermək və digər təqsirləndirilən şəxs – Rəşad Həsənovu razılaşdırmaq məcburiyyətində qalıb. Sonradan Həsənovla üzləşdirilmə zamanı və sonrakı ifadələrində Quliyev bu ifadələrdən imtina edib.

“Rəşad Həsənov guya “Molotov kokteyllərini” mənə üçüncü şəxs vasitəsilə verib, mən isə onları Şahin Novruzluya vermişəm, baxmayaraq ki, mən onunla ümumiyyətlə tanış deyildim, sadəcə facebook-da yazışırdım. Şəhər müşahidə kameraları ilə doludur. Yəni onlar bizim “Molotov kokteyllərini” əldən-ələ “verməyimizi” çəkməyiblər? Belə bir şey olsaydı, kameralara düşərdi, istintaq isə onları məhkəməyə təqdim edərdi. Amma belə bir şey yoxdur”, deyə Quliyev bildirib.

O qeyd edib ki, hələ 11 yanvar 2013-cü ildə o, digər təqsirləndirilən şəxs – Məmməd Əzizovla birlikdə 12 yanvar etiraz aksiyasında iştirak çağırışı yer alan vərəqələri paylayarkən saxlanılıb. “Həmin vaxt Səbail rayon 9-cu polis bölməsində bizi döyüblər və vərəqələri bizə verəni “ələ verməyi” tələb ediblər, buna cavabda biz onları özümüz hazırladığımızı bildirmişik”, deyə Quliyev qeyd edib.

Məhkəmə aprelin 1-də davam edəcək.

“Nida” Vətəndaş Hərəkatının 7 və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə 2013-cü il mart-aprel aylarında saxlanaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq dövründə isə Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Gənc fəallar ittihamları siyasi sifariş hesab edir və özlərini günahkar bilmir.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları gənclərin siyasi motivlərlə həbs olunduğunu bildirir.
XS
SM
MD
LG