Accessibility links

Gənc fəalların məhkəməsində şahidlər ifadə verir [Video]


Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)
Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)

İlk olaraq Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin baş əməliyyat müvəkkili Kamal Rəsulzadə ifadə verib

Vəkil hakimə etiraz edib
please wait

No media source currently available

0:00 0:03:58 0:00

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 7 NİDA fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə proses davam edib. Onlar 10 mart 2013-cü ildə Bakıda yandırıcı qarışıqlardan istifadə ilə iğtişaşlar təşkil etməkdə və narkotik saxlamaqda ittiham olunurlar.

Prosesdə ittiham tərəfin şahidlərinin ifadələri dinlənilməyə başlayıb. İlk olaraq Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin baş əməliyyat müvəkkili Kamal Rəsulzadə ifadə verib.

O, ötən il martın əvvəllərində bir qrup şəxsin Bakıda iğtişaşlar hazırlaması haqqında məlumat daxil olduğunu bildirib. Bununla əlaqədar olaraq müttəhim Bəxtiyar Quliyevin Sabunçu qəsəbəsindəki evinə baxış həyata keçirilib.

“Axtarış apardıq. Axtarış vaxtı evdən yataq otağının şkafinda paltarlarınn arasında narkotik olduğu ehtimal olunan maddə, həyətdən içində benzin olan butulkalar aşkarladıq”, deyə əməliyyatçı bildirib.

Vəkil Elton Quliyev deyib ki, evə baxış zamanı tərtib edilmiş protokol qanunsuzdur. Onu qanuni səlahiyyətləri olmayan şəxs tərtib edib. Protokolu əməliyyatçı deyil, müstəntiq tərtib etməli idi. Bundan başqa, protokol pozuntularla tərtib edilib.
Lakin hakimlərdən biri – Eldar İsmayılov vəkilə etiraz edib və protokolun qanuni olduğunu bildirib.

Öz növbəsində, Quliyev hakimi qərəzli olmaqda ittiham edib və onun dəyişdirilməsi haqqında vəsatət qaldırıb.

Prokuror isə öz növbəsində etirazı əsassız hesab edərək, vəkilin 220 manat cərimə olunmasını tələb edib. Etiraz qəbul edilməyib, amma vəkil də cəzalandırılmayıb.

Vəkil Elton Quliyev bildirib ki, cinayət işi siyasi xarakter daşıyır.
Məhkəmə prosesini müşahidə edən Milli Şuranın sədri Cəmil Həsənli MTN əməliyyatçısı Kamal Rəsulzadənin ifadəsini “qeyri-peşəkarlığın təzahürü və istintaqın qərəzliliyi” kimi dəyərləndirib.

“Aydındır ki, istintaq yalnız ən yüksək siyasi səviyyədə həbsə icazə verildiyi halda belə pozuntulara yol verə bilərdi. Hətta sovet dövründə istintaq belə saxtakarlıqlara əl atmırdı. Həmin vaxt Azərbaycan vətəndaşlarının hüquqları daha etibarlı müdafiə olunurdu”, Həsənli bildirib.

Bununla belə, Həsənli gənclərin mökəm iradəsi və qorxusuzluğu ilə qürur duyur.
“Müstəqillik illərində bir çox məhkəmə proseslərini müşahidə etmişəm, amma Rəşadətin, Rəşadın, Zaurun, İlkinin, Üzeyirin, Məmmədin, Bəxtiyarın, Şahininki kimi əhval-ruhiyyə, doğruluqdan əminlik görməmişəm. Onlar təhsilli, təmiz uşaqlardır. Hökm sürən ədalətsizlik, yalan və böhtan onları sındırmayıb. Onlar məhkəməni məzhəkə kimi qəbul edirlər və həbs cəzasından qorxmayaraq, öz mövqelərini müdafiə edirlər. Azərbaycanın gələcəyi belə gənclərin əlindədir”, deyə Həsənli bildirib.

O deyib ki, “bu işin cəfəngliyi ondan ibarətdir ki, ittiham tərəfin əsas “dəlili” “Molotov kokteylləri”dir, lakin nə hakim, nə prokuror, nə təqsirləndirilən şəxslər bunun nə olduğunu bilmirlər”.

“Hətta əməliyyatçı bu gün ifadə verərkən Bəxtiyar Quliyevin evində içərisində benzin iyi gələn maye olan şüşələr aşkar edildiyini bildirib. Yəni söhbət benzin dolu şüşələrin müsadirəsindən gedir ki, sonradan onlar Molotov kokteylinə “çevrilib””, deyə Həsənli əlavə edib.
XS
SM
MD
LG