Accessibility links

Müxalifət liderləri: NİDA-çılara qarşı məhkəmə hökmü siyasi sifarişdir


NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)
NİDA tərəfdarlarının aksiyası (Foto facebook-da Sancaq səhifəsindən götürülüb)

Milli Şura, Müsavat və Xalq Cəbhəsi Partiyaları gənclərin həbsini kəskin qınayır

Azərbaycanın müxalifət liderləri NİDA Vətəndaş Hərəkatının 8 fəalına qarşı məhkəmə hökmünü kəskin qınayan bəyanatla çıxış edib.

2013-cü il mart-aprel aylarında NİDA Hərəkatının fəalları həbs edilib. 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Rəşadət Axundova 8 il, Zaur Qurbanlıya 8 il, İlkin Rüstəmzadəyə 8 il, Rəşad Həsənova 7 il 6 ay, Məhəmməd Əzizova 7 il 6 ay, Üzeyir Məmmədliyə 7 il, Bəxtiyar Quliyevə 7 il, Şahin Novruzluya 6 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Şuranın sədri Cəmil Həsənli məhkəmə prosesinin hamısında iştirak etdiyini bildirib. “Heç nə sübuta yetirilmədi. Dəlillər vəkillər və fəalların özləri tərəfindən məntiqli və ardıcıl şəkildə darmadağın edildi. Burada sevinmək lazımdır ki, hakim prokurorun istədiyindən çox iş verməyib. Elə prokurorun istədiyini verib. Onlara qarşı o qədər haqsızlıq olunur ki, bu da ola bilərdi. Hakim prokurorun istədiyindən çox iş verə bilərdi. Bu, sadəcə olaraq siyasi, sosial cəhətdən aktiv gənclərin təqib, repressiya olunması, həbsə alınması, ictimai-siyasi mühitdən təcrid edilməsidir. Bu hökm bir daha Azərbaycanda avtoritar bir rejimin, diktatura rejiminin qurulmasının əyani təsdiqidir”, o facebook səhifəsində qeyd edib.

Müsavat Partiyasının bəyanatında deyilir ki, təqsirləndirilən şəxslərin işgəncə faktlarının olmasına baxmayaraq məhkəmə istintaqı mərhələsində bu faktlar araşdırılmayıb. Öyrədilərək gənclərin üzünə duran “şahid”lərin ifadələrindəki ziddiyyətlər də araşdırılmadı. “Həm də ittihamın tələb etdiyi cəza hökmünün çıxarılması ölkə məhkəmələrinin siyasi sifariş əsasında fəaliyyət göstərməsinin göstəricisidir”, sənəddə qeyd edilir.

Bəyanatda məhkəmənin gənclərin uzunmüddətli həbs qərarına etiraz olaraq məhkəmə önünə toplaşan insanların etiraz aksiyasına polis və mülki geyimli şəxslərin müdaxilə etdiyi qeyd olunur. Müəlliflər polisin aksiyaya müdaxiləsini “amansız və qeyri-adekvat” kimi dəyərləndirir.

AXCP sədri Əli Kərimli hesab edir ki, NİDA-çı gənclərlə qəddar davranırlar. “Heç bir cinayət törətməmiş gəncləri 6-8 il müddətinə azadlıqdan məhrum etdilər. Ölkədə yenilik, dəyişiklik, ədalət istəyən hər kəslə düşmən kimi davranırlar. İnanıram ki, gəncləri bu gün təyin etdikləri qədər uzun müddətdə həbsdə saxlaya bilməyəcəklər. Onlar tezliklə azadlığa çıxacaqlar. Üstəlik, onların əksəriyyəti Azərbaycanda qurulacaq 3-cü respublikanı idarə edənlərin sırasında olacaqlar. Onlar bugünkü rəşadətli mübarizələri ilə xalqımızın demokratiya uğrunda mübarizə tarixinin şərəfli səhifələrini yazırlar”, Kərimli facebook səhifəsində qeyd edir.

O əmindir ki, Əliyevlərin repressiya maşınından keçib, lakin sınmayan, mübarizəsini davam etdirən insanları gələcək nəsillər qəhrəman kimi qiymətləndirəcək. “Bu repressiyalara göstəriş verənlər, onu icra edənlər isə əməllərinə görə hələlik pul və vəzifə qazansalar da, gələcəkdə yalnız lənət qazanacaqlar!”, AXCP sədri bildirir.
XS
SM
MD
LG