Accessibility links

NİDA-çıların məhkəməsi – ciddi nəzarət


NİDA-çıların məhkəməsinə ictimaiyyətin dəstəyi (Foto musavat.com saytından götürülüb)
NİDA-çıların məhkəməsinə ictimaiyyətin dəstəyi (Foto musavat.com saytından götürülüb)

Məhkəmə binası qarşısına çoxsaylı insan toplaşıb. Polislə gərginlik yaşanıb, bir neçə nəfər saxlanıb, Amerikanın Səsinin müxbiri də təzyiqə məruz qalıb

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 8 fəalının işi üzrə məhkəmə prosesi davam etdirilir. Bu gün gənc fəallar məhkəmə qarşısında son çıxışlarını edəcək və sonra hökmün elan ediləcəyi gözlənilir.

Amerikanın Səsinin məhkəmədə olan müxbirinin məlumatına görə məhkəmə binası çoxsaylı polislər, o cümlədən Çevik Polis Alayının əməkdaşları tərəfindən qorunur. Binaya gedən yollarda polis nəzarəti qoyulub. Buna baxmayaraq fəalların çoxsaylı tərəfdarı məhkəmə binasının qarşısına toplaşıb. Polis insanları məhkəmənin qarşısından kənarlaşdırmağa çalışıb. Bu zaman bir neçə nəfər saxlanıb.

Gərginlik zamanı Amerikanın Səsinin müxbiri Pərvanə Bayramova da polisin təzyiqinə məruz qalıb.

NİDA-çılar 15-ci gündür aclıq aksiyası keçirir. Onlar azadlığa buraxılmalarını tələb edir. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. “Nida”çılar həmin gündən aclıq aksiyası keçirir.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.
XS
SM
MD
LG