Bakı Ağır Cinayətlər Məhkəməsinin NİDA Vətəndaş Hərəkatının fəalı Bayram Məmmədova 10 il həbs verməsi yerli və beynəlxalq tənqidlərə yol açıb.
Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da keçmiş prezident Heydər ƏIiyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotimk ittihamı ilə həbs edilib.
“Amnesty International”
Qiyas İbrahimov kimi Bayram Məmmədovun işgəncələrə məruz qaldığını, cəzanın son dərəcə ağır olduğunu bildirir.
“Azərbaycan hökuməti yenə də söz azadlığına sayqısızlığını, həqiqəti tapdalamağa çalışanların tənqidçilərini susdurmaqda qərarlı olduğunu nümayiş etdirir", Amnesty İnternational yazır.
“Human Rights Watch”-ın
Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin rəhbəri Georgi Qoqia yazıb ki, gənclərə qarşı ittihamlar saxtadır, Azərbaycan hüquq-mühafizə orqanları siyasi fəalların qorxudulması və həbsi üçün narkotik üsulundan tez-tez istifadə edir.
Hər iki beynəlxalq qurum Azərbaycan hökumətini gənc fəalları dərhal həbsdən azad etməyə və onlara qarşı işgəncələrlə bağlı araşdırma aparmağa çağırır.
"Amnesty İnternational" həmçinin Bayram Məmmədov və Qiyas İbrahimovla bağlı “Haqlar uğrunda yaz” kampaniyasına başlayıb.
Gənc fəalın həbsi yerli siyasətçilər, hüquq müdafiə təşkilatları, ictimai xadimlər tərəfindən də pislənir.
"İnsan hüquq və azadlıqlarının boğulması"
“NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri uzun sürən həbs həyatından sonra azadlığa buraxılsalar da, gənc fəal İlkin Rüstəmzadə 3 il 6 aydan artıqdır ki, məhbus həyatı yaşayır. Hərəkatın digər üzvləri Qiyas İbrahimov
və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqları üçün ağır işgəncələrə məruz qalıblar, onların hər ikisi saxta narkotik maddə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib”. Bu barədə Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupunun bəyanatında deyilir.
İşçi Qrup beynəlxalq ictimaiyyəti siyasi məhbus məsələsinə biganə yanaşmamağa, bu şəxslərin azadlığa buraxılması istiqamətində səylərini artırmağa və Azərbaycan hakimiyyəti qarşısında bu problemi mütəmadi və ardıcıl olaraq qaldırmağa çağırır.
“Hökumət nəhayət anlamalıdır ki, insan hüquq və azadlıqlarının boğulması, siyasi təqib və təzyiqlər ölkəmizin stabilliyi və təhlükəsizliyi, insanların xoşbəxt gələcəyi üçün ciddi təhdiddir”, sənəddə qeyd edilir.
Müsavat Partiyasının keçmiş başqanı
İsa Qəmbər Bayram Məmmədovu "10 may məhbusu" adlandırır.
“Ona 10 il həbs verdilər. Bayramla Qiyas Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinə iki dəfə şərəfli səhifə yazdılar. 1-ci dəfə Heydər Əliyevin heykəlinə şüar yazmaqla (bu aksiyanı mən Hilal və Çingizin 1957-ci ildə müqəddəs bayrağımızı Qız Qalası üzərində yüksəltməsi səviyyəsində qəhrəmanlıq kimi qiymətləndirmişdim); 2-ci dəfə məhkəmədə əzəmətli Son Söz söyləməklə”, o facebook səhifəsində yazır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
Əli Kərimli bildirir ki, Qiyas İbrahimovun həbsi zamanı olduğu kimi, Bayram Məmmədovun həbsi də bumeranq effektilə hakimiyyətin özünü vuracaq.
“Heydər Əliyevin saysız-hesabsız heykəlləri, Azərbaycanda təbliğ edilən bütpərəstlik yenidən bütün dünyanın diqqət mərkəzinə gələcək. Bayram Məmmədov çox samballı və cəsarətli son söz dedi.
Bayram bəy əqidəli, idealist bir gəncdir. Özünü “Azadlıq fanatiki” adlandırdı, Heydər Əliyevin heykəlini cəmiyyətdən qorxunu çıxarmaq, rejimə etiraz etmək üçün yazdığını və buna görə peşman olmadığını dedi. Hakim Bayramın son sözünü sona qədər dinləməyə cəsarət etmədi. Ölkəmizdə çox cəsarətli və mübariz gənclik yetişir. Hakimiyyət də bunu anlasın gərək”, AXCP sədri facebook səhifəsində qeyd edir.
Müsavat Partiyasının başqanı
Arif Hacılı Bayram Məmmədova oxunan 10 il hökmü hakimiyyətin repressiya siyasətinin davamı kimi qiymətləndirib.
”Bayram Məmmədova 10 il həbs cəzası verilməsi Azərbaycanda fərqli düşünən insanlara qarşı aparılan repressiya siyasətinin davamıdır.
Faktiki olaraq ölkədə avtoritar rejimin, ailə hakimiyyətinin mövcudluğunu təsdiq edən ən ciddi sübutlardan biri də məhz bir heykəl üzərinə cümlə yazdıqlarına görə iki Azərbaycan gəncinə üst-üstə 20 il həbs cəzası verilməsi oldu. Qiyas İbrahimov və Bayram Məmmədov siyasi məhbuslardır. Hesab
edirəm ki, onlara qarşı tətbiq edilən narkotik maddəsi tamamilə qondarma və siyasi motivli maddədir, bu hər kəsə məlumdur. Onlar yalnız heykəlin üzərinə bir cümlə yazmayıblar, həm də yazdıqları bir cümlə ilə Azərbaycan tarixinə düşüblər. Qiyas və Bayram bir cümlə ilə tarix yazıblar”, partiya sədri bildirir.
Vəkil Elçin Sadıqov
Bayram Məmmədovun müdafiə hüququnun pozulduğu barədə facebook səhifəsində aşağıdakı qeydi edib.
“Cinayət Prosessual Məcəlləsinin 342-ci maddəsində göstərilir:
Maddə 342. Təqsirləndirilən şəxsin son sözü
342.1. Məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir.
342.2. Məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir.
342.3. Təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir.
Dekabrın 8-də məhkəmə Bayram Məmmədovun son sözünü kəsməklə və Bayram Məmmədovun son sözünü sona qədər dinləmədən müşavirə otağına getməklə CPM-nin imperativ tələblərini və müdafiə hüququnu kobud şəkildə pozdu”, vəkil qeyd edir.
Sosial şəbəkələrdə
gənc fəalların ictimai müdafiəsinin artıq meydanlara, stadionlara, beynəlxalq təşkilatların yerləşdiyi mərkəzlərə doğru irəlilədiyi də görünür. Belə ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda Qarabağ - Fiorentina oyununda Qiyasa və Bayrama azadlıq şüarı qaldırılıb. Amsterdamda, Strasburqda və digər şəhərlərdə gənc fəallara azadlıq şüarları yazılmış posterlər yapışdırılıb.
Gənc fəallarla bağlı
səsləndirilən bəyanatlara rəsmi Bakı hələ cavab verməyib. Amma, bir qayda olaraq rəsmilər insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün insanların hüquq qarşısında bərabər olduğunu bildirir. Rəsmilər həmçinin insanların fikirlərinə görə həbs edilmədiyini, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu və məhkəmələrin ədalətli olduğunu bəyan edir.