Accessibility links

Nigar Həzi: Zabit atamı 3 saatdan çox sorğu-suala tutub


AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu 19 oktyabr aksiyası zamanı saxlanılarkən
AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu 19 oktyabr aksiyası zamanı saxlanılarkən

Demokratik Qüvvələrin Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanıldığı Bakının Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə onun qızı Nigar Həzi bu gün, noyabrın 11-də atası ilə telefon dasnışığından sonra facebook səhifəsində yazıb.

"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığım təcridxanaya gələrək məni 3 saatdan çox sorğu-suala tutdu. Məndən tələb edirlər ki, Milli Şuradan istefa verim və ümumiyyətlə, siyasi fəaliyyətdən əl çəkim. Əks təqdirdə məni "Bandotdel"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər," Nigar Həzi atasının telefonda dediklərini sitat kimi yazıb.

Nigar Həzinin yazdıqlarına rəsmi qurumlar hələ münasibət bildirməyib.

Tofiq Yaqublu müxalifət qüvvələrini birləşdirən Milli Şuranın 19 oktyabr aksiyası zamanı saxlanıb, Nəsimi rayon Məhkəməsi ona İnzibati Xətalar Məcəlləsinin 513.1 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi üzrə 30 sutka həbs cəzası kəsib.

“Çox əminəm ki, atamı ailəsi ilə təhdid ediblər. Yəqin ki, ən çox da mənimlə. Bilirəm ki, hər yazdığımı yuxarıdakılar oxuyurlar, oxumasalar da bu işlə məşğul olan muzdlu işçiləri var. Hər şeyi xəbər verirlər. Buradan bildirirəm əgər atama bir şey olsa, buna birbaşa İlham Əliyev məsuliyyət daşıyır. Mənim, ailəmin başına bir iş gələrsə bilin ki, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox! Sizlər gedənə kimi mübarizə aparacağıq!” Nigar Həzi facebook səhifəsində qeyd edib.

Tofiq Yaqublu oktyabrın 19-da saxlanılan zaman da fiziki təzyiqlərə məruz qaldığını bildirib.

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində ifadə verərkən Yaqublu deyib ki, onu oktyabrın 19-da tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar.

"Öncə əllərimi qandalladılar, bir otağa salıb təxminən bir saat döydülər. Mən bu amansız işgəncələr barədə Nəsmi Rayon Məhkəməsində də danışdım. Amma hakim Babək Pənahov bu barədə protokollarda da, qeydlərdə də heç nə göstərməyib," o məhkəmədə qeyd edib.

Daxili İşlər Nazirliyi oktyabrın 19-da keçirilən aksiyada tutulanların döyülməsi və işgəncələr verilməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bəyan edib.

Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirməyə cəhd edib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanların olduğu bildirilib.

Əli Kərimli də saxlanıldıqdan sonra ona işgəncə verildiyini açıqlamışdı. Amma prokurorlluq bunu təkzib edərək AXCP sədrinin özünü provakasiyaya cəhddə günahlandırmışdı. Qurum iddia edir ki, Əli Kərimli özü saxlandıqdan sonra baş nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub.

Milli Şura aksiya ilə bağlı yüzlərlə fəalın saxlanıldığını, onlardan 38 fəala 5 sutkadan 60 sutkayadək inzibati həbs verildiyini, bir nəfər barəsində isə cinayət işi qaldırılaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə isə aksiya zamanı 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək sərbəst buraxılıb, 18 nəfərin işi hüquq-mühafizə orqanlarına göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG