Cənubi Koreya gələn həftə iki ölkə lideri arasında üçüncü zirvə görüşünə hazırlıq məqsədi ilə danışıqlar aparmaq üçün Şimali Koreyaya xüsusi nümayəndəsini göndərir.
Cənubi Koreya prezidentinin sözçüsü deyib ki, hələlik adı açıqlanmayan nümayəndə çərşənbə günü Pxenyana səfər edəcək.
“Xüsusi nümayəndə zirvə görüşünün dəqiq günü, Şimali və Cənubi Koreyalar arasında münasibətlərin inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və Koreya yarımadasında sülhün bərqərar olunması da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcək” – deyə, Cənubi Koreya prezidentinin sözçüsü Kim Eui-Kyeom bildirib.
Cənubi Koreya prezidenti Mun Cae-in və Şimali Koreya lideri Kim Conq Un aprel ayında Panmuncomda Munun bu ilin sonu Pxenyana səfər edəcəyi ilə bağlı razılıq əldə edib.
Yonhap xəbər agentliyi bildirib ki, Cənubi Koreya xüsusi nümayəndənin göndərilməsini cümə günü səhər təklif edib və Şimali Koreya teleqramla təklifi eyni gündə qəbul edib.