Accessibility links

Norveç Talibanla Əfqanıstana yardım və insan haqları ilə bağlı danışıqlara ev sahibliyi edəcək


Anniken Huitfeldt, Norveçin Xarici İşlər Naziri
Anniken Huitfeldt, Norveçin Xarici İşlər Naziri

Norveç cümə günü bildirib ki, Taliban nümayəndələri, Əfqanıstan vətəndaş cəmiyyəti nümayəndələri və “bir sıra müttəfiq ölkələrin” rəsmiləri Əfqanıstandakı humanitar vəziyyət və insan haqları ilə bağlı üç günlük danışıqlar üçün növbəti həftə Osloda bir araya gələcək.

Xarici İşlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi bazar günündən başlayacaq dialoqda Taliban heyətinə rəhbərlik edəcək. Bu barədə onun Kabildəki ofisi bildirib.

“Onların Amerika diplomatları, Avropa İttifaqının nümayəndələri və bir sıra əfqan şəxslərlə müxtəlif mövzularda görüşlər və müzakirələr keçirməsi planlaşdırılır” – deyə, Talibanın sözçüsü Bilal Kərimi bildirib.

İştirakçılar arasında Britaniya, Fransa, Almaniya və İtaliya rəsmilərinin olduğu bildirilir.

Norveç Xarici İşlər Nazirliyi nazir Anniken Huitfeldtdən sitat gətirərək bildirib ki, Oslonun ev sahibliyi etdiyi görüşlər “Talibanın legitimləşdirilməsi və ya tanınması deyil”.

Bununla belə, o, Əfqanıstandakı mülki əhaliyə kömək etmək üçün “de-fakto” hakimiyyət orqanları ilə əlaqə saxlamağın vacibliyini vurğulayıb.

“Biz milyonlarla insanın tam humanitar fəlakətlə üzləşdiyi Əfqanıstandakı ağır vəziyyətdən son dərəcə narahatıq. Biz siyasi vəziyyətin daha da pis humanitar fəlakətə səbəb olmasına imkan verə bilmərik" – deyə, Huitfeldt qeyd edib.

"Biz Talibanla gözləntilərimiz, xüsusən də qızların təhsili və qadınların cəmiyyətdə iştirak hüququ kimi insan haqları ilə bağlı açıq danışacağıq" – deyə, Norveçin Xarici İşlər naziri vurğulayıb.

Taliban ordusu keçən avqust ayında Qərbin dəstəklədiyi hökumət dağıldığı və ABŞ-ın başçılıq etdiyi bütün xarici qoşunların 20 ildən sonra həmin ayın sonunda ölkədən çıxdığı bir vaxt Əfqanıstanda hakimiyyəti bərpa edib.

Hakimiyyət dəyişikliyi nəticəsində yardımdan asılı olan Əfqanıstana beynəlxalq dəstək dərhal dayandırılıb və Birləşmiş Ştatlar Kabilə maliyyə sanksiyaları tətbiq etməklə yanaşı, Talibanın əsasən ABŞ Federal Ehtiyatında olan təxminən 9,5 milyard dollarlıq xarici aktivlərə çıxışını əngəlləyib.

Beynəlxalq donorlar Talibanı daha çox yardımın buraxılması üçün bir şərt kimi inklüziv hökumət qurmağa və qadınların hüquqlarına hörmət etməyə çağırsalar da, sözügedən qruplaşma bunu etməyib.

XS
SM
MD
LG