Accessibility links

Prezident Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir”, prezident təbrikində qeyd edir.

Əliyev bildirir ki, yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarda belə xalqın gələcəyə inamını zəifləməyə qoymayıb.

“O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir”, prezident qeyd edir.

Təbrikdə deyilir ki, bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

“Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm. Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin,hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!", prezidentin təbrikində qeyd edilir.

2016-cı ildə Azərbaycanda Novruz bayramı martın 20-nə təsadüf edir. Novruz bayramı dövlət və xalq tərəfindən geniş qeyd edilir. Bu il Novruz bayramı zamanı ölkədə 8 gün iş olmayacaq.

XS
SM
MD
LG