Nyu York şəhərinin Bruklin qəsəbəsindəki bir məhəllə ziyarətçiləri möhtəşəm Milad işıqları ilə heyrətləndirir. Dayker Hayts məhəlləsi özünün bayram nümayişi ilə fəxr edə bilər.
Bura Nyu Yorkun bayram mövsümündə ən gözəl bəzədilmiş sehrli məhəllələrindən biridir. Bruklinin Dayker Hayts məhəlləsi artıq 30 ildir özünün möhtəşəm işıqları ilə insanları bir araya gətirir. “Bilirsiniz, bunların hamısı müsbət enerjidir. Bu, siyasi bir şey deyil, burada hamı bir yerdədir, bu hamının xoşuna gəlir. Deməli, bu gözəl bir şeydir” - deyə, evin sahibi Ron bildirir.
Ron Dayker Haytsdakı evini 2014-cü ildə alıb. O vaxtdan bəri o, hər Milad bayramında daha çox çələng, işıq və uzatma kabelləri alır. “Burada hər kəs özünü müxtəlif cür ifadə edir. Bəzi insanların ağ, bəzilərinin rəngli işıqları var. Sabah mənim üçün Miladdır. Bizim üçün bunun əsl mənası İsanın doğulmasıdır. Mən bunu nümayiş etdirəcəyəm.”
Məhəlləsinin yazılmamış qaydasına hörmətlə yanaşan Ron qonşusu Klaus Lüsi Spatanın başlatdığı ənənəni davam etdirir. Klaus Lüsi Spata Amerikanın Səsi ilə 2019-cu ildə danışıb. “Mən buraya 1986-cı ildə köçdüm və bunu anamın xatirəsinə etdim. Əvvəlcə çox kiçik idi. Bu məhəllədə bunu edən yeganə ev mən idim. Və sonra bu, getdikcə böyüdü. Əvvəlcə hər kəs bundan xoşu gəldiyini bildirirdi, lakin sonra onlar da qatıldı və böyüdü. Belə olacağını heç vaxt düşünməmişdim.”
2020-dən, COVID-19 səbəbilə sakit keçən bir ildən sonra peyvəndlər, gücləndirici dozalar edən və maskalarla qorunan turistlər və yerli sakinlər yenidən Dayker Haytsın parlaq və şən işıqlarına qayıdıb. Buraya uşağı ilə gələn ata “Biz Çikaqodan gəlmişik. Biz burada həzz alırıq. Bu, çox gözəldir və tamamilə fərqlidir“ deyir.
Digər ziyarətçi isə “Mən əslində Nyu Yorkdanam, bütün həyatım boyu burada yaşamışam və bunu ilk dəfədir görürəm. Demək istəyirəm ki, kaş uşaq olanda burada olaydım” deyir.
“Budur, görürsən ki, burada insanlar yaşayır, bunu insanlar üçün edirlər! Buraya gələndə özünü evdəki kimi hiss edirsən. Mən bu evə girib, o işıqların əhatəsində isti şokolad içə bilərəm. Buna görə də düşünürəm ki, insanların xoşuna gələn elə budur” - deyir, qadın.
Müxtəlif oyuncaqlar - mələklər, qütb ayıları və əlbəttə ki, şimal maralları ilə Dayker Hayts daha böyük, daha yaradıcı və ya daha sehrli olmaqdan qorxmur. Bu, ən çətin anlarda belə ümid və sevinc gətirməyə davam edən məhəllədir.