Prezident Barak Obama afroamerikalıların polis tərəfindən vurulub öldürülməsi və Dallas şəhərində beş polis zabitinin ölümülə nəticələnmiş pusqudan sonra deyib ki, Amerikanın bəzilərinin dediyi qədər bölündüyünə inanmır.
O, Dallasda atəş açan şəxsin qaradərililəri, keçən il Çarlston şəhərində afroamerikalıların tarixi kilsəsində insanları qətlə yetirən şəxsin isə ağları təmsil etmədiyini deyib.
Silahlara nəzarətlə bağlı sualın cavabında isə Obama "mən silahlar haqda danışmağı dayandırmayacam, çünki onlar problemin bir hissəsidir" deyib.
Obama bu açıqlamaları Polşada NATO sammitində verib. ABŞ prezidenti hadisə ilə əlaqədar Avropaya səfərini yarımçıq qoyaraq, bazar günü axşam Vaşinqtona qayıdır.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson atəş açan şəxsin beynəlxalq terror qrupları ilə əlaqəsinə dair məlumatların olmadığını bildirib.
Dallas şəhərinin meri Maykl Raulinqs beş polis zabitinin ölümülə nəticələnmiş qətl hadisəsinin Mikah Conson adlı şəxs tərəfindən həyata keçirildiyini təsdiqləyib.
"Dallasda atəş açan şəxs qaradərililəri, keçən il Çarlston şəhərində afroamerikalıların tarixi kilsəsində insanları qətlə yetirən şəxs isə ağları təmsil etmir"-ABŞ prezidenti Barak Obama
Texas ştatının qubernatoru Qreq Abbott deyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə kiminsə onunla əlbir olub-olmadığı ilə bağlı təhqiqat aparacaq.
Polis departamentinin açıqladığı bəyanata əsasən, Consonun cümə günü Dallasdakı evində keçirilmiş axtarış zamanı polis işçiləri bomba hazırlanması üçün materiallar, ballistik gödəkçələr, tüfənglər, hərbi sursat və döyüş taktikalarına dair onun özəl gündəliyini aşkar edib.
Polis rəisi Deyvid Braun Dallasda pusqunun "yaxşı planlaşdırıldığını" bildirib.
Hadisə bu həftənin əvvəli Minnesota və Luizana ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən qətlinə etiraz olaraq keçirilən nümayiş zamanı baş verib.
Polis rəisi Deyvid Braunun bəyanatına əsasən, pusqudan sonra polis əməkdaşları Mikah Consonla danışıqlar aparıb və o, vasitəçiyə polislərin qaradərililəri öldürməsindən sonra "ağ adamları, xüsusilə də ağ polis işçilərini öldürmək istədiyini" deyib. O, təkbaşına hərəkət etdiyini və heç bir qrupla əlaqəsi olmadığını bildirib.
Consonla danışıqlar nəticə vermədikdən sonra polis onun gizləndiyi yerin yaxınlığında robot bombanı işə salıb və silahlı şəxs öldürülüb.
ABŞ hərbi qüvvələri Consonun Əfqanıstanda xidmət etmiş ehtiyatda olan hərbi qulluqlu olduğunu təsdiq edib.
Dallas merinin bildirdiyinə görə, hücum zaman yeddi polis işçisi və iki mülki vətəndaş xəsarət alıb. Hadisə 2001-ci ildə 11 sentyabr terror hücumlarından sonra ABŞ-da hüquq-mühafizə orqanlarının ən çox əməkdaşının həyatını itirdiyi hücum hesab edilir.