Accessibility links

Obama Əfqanıstanda ABŞ əsgərlərinin rolunu genişləndirir


ABŞ rəsmiləri prezident Barak Obamanın gələn ayın sonu NATO qüvvələri Əfqanıstanda öz əməliyyatlarını dayandırdıqdan sonra yaraqlılara qarşı mübarizə aparmaq üçün ABŞ hərbi qüvvələrinin bu ölkədə hərbi missiyasını davam etdirməsi haqda yeni sərəncam verdiyini bildiriblər.

Adlarının çəkilməsini istəməyən rəsmilərin mətbuat orqanlarına verdiyi məlumata əsasən, qərarla ABŞ hərbi qüvvələrinin Taliban yaraqlılarına qarşı döyüşlərdə iştirakına imkan verilir.

Bu, həm də o deməkdir ki, ABŞ lazım olduğu zaman Əfqanıstan hərbi qüvvələrinə hərbi hava yardımı göstərə bilər.

Prezident Obamanın sərəncamı haqda ilk dəfə ABŞ-ın aparıcı qəzetlərindən biri olan Nyu York Tayms xəbər verib. Qəzetin veb səhifəsində yerləşdirilmiş məlumatda prezident Obamanın ABŞ hərbi qüvvələrinin Əfqanıstanda rolunun daha bir il müddətinə genişləndirilməsinə dair məxfi sənədə imza atdığı bildirilib.

Qəzet bu qərarla Amerika əsgərlərinin Əfqanıstanda azı daha bir il müddətində döyüşlərdə birbaşa iştirakını nəzərdə tutduğu haqda məlumat verib.

Nyu York Tayms qəzetinin verdiyi məlumata görə, prezident Obama ABŞ hərbi qüvvələrinin Əfqanıstanda rolunun genişləndirilməsinə dair qərarı son həftələr Ağ Evdə milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələrdən sonra verib.

Cənab Obama bu ilin əvvəli ABŞ hərbi qüvvələrinin 2015-ci ildən etibarən Əfqanıstanda döyüşlərdə iştirak etməyəcəyini bildirmişdi. O, Əfqanıstanda saxlanılacaq 9800 əsgərin Əfqanıstan hərbi qüvvələrinə təlim vermək və Əl-Qaidə üzvlərinin axtarışında iştirak etmək kimi missiyanı yerinə yetirəcəyini demişdi.

Qəzet yazır ki, prezident Obama qərarla Əfqanıstan hərbi qüvvələrinin əməliyyatlarına dəstək Amerikanın məqsədilə hava hücumlarını sanksiyalaşdırıb. Qərarla həmçinin quru qüvvələrə bəzi hallarda Talibana qarşı əməliyyatlar keçirən Əfqanıstan hərbi qüvvələrini müşayiət etmək imkanı verilir.

XS
SM
MD
LG