ABŞ prezidenti Barak Obama Amerikanın sağlam iqtisadiyyatdan bəhrələndiyini deyib.
Şənbə günü Amerika xalqına həftəlik müraciətində cənab Obama bildirib ki, noyabr ABŞ-da bir-birinin ardınca davamlı olaraq 200 min yeni iş yerinin açıldığı 10-cu ay olub. ABŞ prezidenti bu il ərzində 2,65 milyon yeni iş yerinin açıldığını deyib. 1990-cı illərdən bəri belə göstərici müşahidə edilməyib.
Bununla belə, prezident Obama qeyd edib ki, yüksək maaşlı iş yerlərinin açılmasına baxmayaraq, adi Amerika ailəsinin gəliri 15 il bundan əvvəllə müqayisədə çox artmayıb. “Bu, dəyişməlidir”-deyə prezident Obama əlavə edib.
ABŞ prezidenti yanvar ayında işə başlayacaq yeni Konqresi daha çox insanın yüksək maaş ala biləcəyi iş yerlərinin yaradılması üçün birgə iş aparmağa çağırıb.