Prezident Obama amerikalıları ölkənin təbii sərvətlərini qorumaq üçün əllərindən gələni etməyə çağırıb.
Amerika xalqına həftəlik müraciətində ABŞ prezidenti deyib ki, "Qrand Teton dağları və Böyük Kanyondan tutmuş, vəhşi heyvanların yaşadığı sıx meşələr və geniş çöllər, eləcə də göllər və çaylar kimi dünyada Tanrının bəxş etdiyi bəzi ən gözəl təbiət güşələri Birləşmiş Ştatlardadır."
"Bu təbii sərvətlərin gələcək nəsillər üçün mühafizəsi əvvəlki nəsillərin bizim üçün etdiyi kimi bizim məsuliyyətimizdir"-deyə ABŞ prezidenti bildirib.
Prezident Obama deyib ki, o, 1 milyon kvadrat km. dövlət torpaqları və sularının qoruqlar üçün ayrılması haqda sərəncam verərək, indiki və gələcək nəsil üçün torpaqları ən çox mühafizə edən prezident olub.
İqlim dəyişiklliklərinin planetə göstərdiyi təsirləri vurğulamaq səyləri çərçivəsində cənab Obama ABŞ-ın Arktik bölgəsinə səfər edən hakimiyyətdə olan ilk prezidentdir. Alimlər və ətraf mühitin mühafizəsi fəalları Arktik bölgədə temperaturun qlobal səviyyədən iki dəfədən çox artdığı ilə bağlı xəbərdarlıq ediblər.
ABŞ prezidenti bildirib ki, son altı ildə Birləşmiş Ştatlar iqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısının alınması məqsədilə daha təmiz enerji mənbələrinin yaradılması və karbon qazı tullantılarının havaya atılmasının azaldılması istiqamətində fəaliyyət göstərib.