Accessibility links

Barak Obama İranla nüvə razılığını müdafiə edib


ABŞ prezidenti İranla əldə edilən nüvə razılığını ciddi şəkildə müdafiə edərək, sənədin İranın nüvə bombası istehsalı yolunu bağladığını bildirib.

Barak Obama skeptik qanunvericiləri gələn ay səsverməyə çıxarılacaq razılıqın təsdiqinə çağırıb.

ABŞ Konqresinin razılaşmanı nəzərdən keçirmək üçün 60 gün vaxtı var. Razılığın təsdiq və ya da rədd edilməsinə dair səsvermə sentyabr ayında keçirilməlidir.

Cənab Obama Konqres razılaşmanı rədd etdiyi halda veto qoyacağına söz verib. Bunun nəticəsində isə həm Senat, həm də Nümayəndələr Palatası vetonu üstələmək üçün səslərin üçdə birinin almaq məcburiyyəti qarşısında qalacaq.

ABŞ dövlət başçısı deyib ki, nüvə razılığı 2002-ci ildə yanlış kəşfiyyat məlumatlarına əsaslanan İraqın işğalına dair qərardan sonra atılan ən əhəmiyyətli addımdır.

Cənab Obama bildirib ki, İraq müharibəsini dəstəkləyənlər indi İranla razılığın əleyhinə çıxır. Prezident onların beynəlxalq səviyyədə əldə edilən razılaşmanın həyata tətbiqinə dəstək vermələrinin vacibliyini vurğulayıb.

ABŞ prezidenti 1963-cü ildə prezident Con F. Kennedinin Sovet İttifaqı ilə diplomatik müzakirələri yada salaraq, bu addımın nüvə silahlarının yayılmamasına dair bir neçə sazişin əldə edilməsinə yol açdığını xatırladıb.

Obama Vaşinqtonda Amerika universitetində nitqlə çıxış edib.

Dünən Barak Obama Amerika yəhudilərinin liderləri ilə İranı atom bombasından çəkindirmək müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı müzakirə edib. İsrail və ABŞ yəhudiləri prezidentin İran siyasətini kəskin tənqid edir.

Rəy sorğuları isə amerikalıların əksəriyyətinin İranla razılığın dünyanı daha təhlükəli yerə çevirəcəyini düşündüklərini göstərib.

Respondentlərin 57 faizi razılıqğın əleyhinə, 28 faizi isə lehinə olduqlarını bildirib.

1644 adamın iştirak etdiyi sorğuya görə, respondentlərin qalan hissəsi razılıqla bağlı heç bir fikrə malik deyil.

XS
SM
MD
LG