Accessibility links

Barak Obama Milli Təhlükəsizlik Şurası ilə görüşüb


Şənbə günü Suriyada atəşkəsin qüvvəyə minəcəyi gözlənilən bir vaxt ABŞ prezidenti Barak Obama Dövlət Departamentində Milli Təhlükəsizlik Şurası ilə görüşüb.

Görüş zamanı İslam Dövləti Qrupunu məhv etməyə yönəlmiş qlobal kampaniya, habelə Suriya və digər məsələlər müzakirə olunub.

İŞİD və onun qolları böyük qlobal terror təhlükəsinə çevrilib
Ceyms Klapper

ABŞ prezidenti Barak Obama deyib ki, Suriya və İraqdakı münaqişələrin bitməsi İslam Dövləti terroçu şəbəkəsinin məhvi üçün çox mühümdür.

O, Suriya və İraqdakı vəziyyətin “son zamanlar dünyada baş verən ən mürəkkəb durumlardan biri” olduğunu deyib. Cənab Obama həmçinin qeyd edib ki, İslam Dövləti “hər yerdə kök salıb və dinc əhalidən canlı qalxan kimi istifadə edir”.

ABŞ prezidenti Suriyadakı müharibənin “regional qüdrətlər arasında gedən müharibə olduğunu və məzhəblərarası dərin rəqabəti əks etdirdiyini” də əlavə edib.

O, Suriyaya xarici döyüşçü axının azaldığına dair əlamətlərin olduğunu və bunun yaraqlıların sayının artırmasını çətinləşdirdiyini deyib.

Suriya prezindenti Bəşər Əl-Əsəd
Suriya prezindenti Bəşər Əl-Əsəd

ABŞ-la Rusiya arasında əldə olunan atəşkəs razılığına istinadən Obama ABŞ-ın razılığa əməl etmək üçün əlindən gələni edəcəyini deyib.

Lakin cümə günü Rusiya prezidenti Vladimir Putin müxbirlərə Rusiyanın İslam Dövləti və Əl-Nüsrə Cəbhəsi ilə əlaqəsi olan terrorçu quplara qarşı bombalama kampaniyasını davam etdirməyi planlaşdırdığını deyib. O, BMT razılığına BMT-nin terror təşkilatı kimi müəyyən etdiyi qrupların daxil edilmədiyini qeyd edib.

Suriya İnsan Haqları Müşahidə qrupu cümə günü üsyançıların nəzarət etdiyi ərazilərə qarşı Rusiyanın hava hücumlarının davam etdiyi barədə məlumat verib.

İslam Dövləti qrupu hər yerdə kök salıb və dinc əhalidən canlı qalxan kimi istifadə edir.
Barak Obama

ABŞ müdafiə naziri Eş Karter isə ABŞ-ın Suriya, İraq, Əfqanıstan və Afrikanın bəzi yerlərində İŞİD-ə qarşı mübarizə üçün maliyyəni artıracağını bildirib. O, nazirliyinin ötən illə müqayisədə 50 faiz əlavə maliyyə dəstək tələb etdiyini deyib.

Cümə axşamı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmədə qanunvericilər dövlət katibi Con Kerriyə dəfələrlə ABŞ-ın Suriyadakı humanitar böhrana son qoymaq üçün göstərdiyi səylər barədə suallar verib.

Kerri isə Suriyada xəstəxana və məktəblərə düşən bombalar nəticəsində hələ də günahsız insanların “kütləvi şəkildə öldürüldüyünü” deyib.

“Bu baş verdiyi üçün də, biz hərbi əməliyyatların dayandırılması üçün bu qədər səy göstərirdik,” deyə o bildirib.

Suriya
Suriya

Birləşmiş Ştatlar və Suriyaya Beynəlxalq Dəstək Qrupunun digər üzvlərinin vasitəçiliyi ilə əldə olunan atəşkəs planı Suriyanı sabitləşdirmək, eləcə də İslam Dövləti və digər terrorçu qrupların yaratdığı təhlükələri azaltmaq məqsədilə ölkədə siyasi keçid planının bir hissəsidir.

İŞİD-ə qarşı mübarizədən bəhs edən Milli Təhlükəsizlik Şurasının direktoru Ceyms Klapper İslam dövləti yaraqlı qrupunun təxmini gücünün Əl-Qaidədən daha çox olduğunu deyib.

“İŞİD və onun qolları böyük qlobal terror təhlükəsinə çevrilib,” deyə Klapper Nümayəndələr Palatasının Dünya Təhlükələri üzrə Kəşfiyyat Komitəsinə bildirib.

XS
SM
MD
LG