Accessibility links

Obama İslam Dövləti ilə bağlı strategiyanı Pentaqonda müzakirə edir


ABŞ prezidenti Barak Obama İraq və Suriyada İslam Dövləti qrupuna qarşı strategiyanı müzakirə etmək üçün Pentaqonda milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşür.

ABŞ-ın mövcud məsələ ilə bağlı əhatəli strategiyasının mövcud olmadığını etiraf edən cənab Obamanın Müdafiə naziri Eşton Karterlə görüşü planlaşdırılıb.

Görüş bu həftə sonu koalisiya qüvvələrinin İraqın şimal və qərb, Suriyanın isə şərq bölgələrinə nəzarət edən yaraqlılara qarşı hava hücumlarının intensivləşdirilməsindən sonra həyata keçirilir. Koalisiya qüvvələri ümumilikdə hava 38 zərbə endirib, bunun təxminən yarısı İslam Dövləti qrupunun paytaxt elan etdiyi Raqqa şəhərini hədəf alıb.

Pentaqonda Fransanın Müdafiə naziri Jan-İv Le Drianla birgə mətbuat konfransında danışan Müdafiə naizir Eşton Karter deyib ki, koalisiyanın hava hücumları İslam Dövləti qrupunun döyüşçülərinin mobilliyini məhdudlaşdırmaqdan ibarətdir. O, kürd qüvvələrinin yerdə effektiv fəaliyyətini də qeyd edib.

Birfinq zamanı Fransanın müdafiə naziri İslam Dövləti qrupunu terrorçu qrup deyil, terrorçu ordu adlandırıb. Le Drian Fransa qüvvələrinin İslam Dövləti qrupunun İraqa nəzarəti ələ almasının qarşısını almaq üçün koalisiya ilə birgə işi davam etdirəcəyini deyib.

Koalisiyanın hərbi hücumları keçən ilin avqustundan İraqda, həmin ilin sentyabr ayından etibarən isə Suriyada həyata keçirilməyə başlayıb. Pentaqonun rəsmi məlumatına görə hərbi təyyarələr həmin ərazidə indiyədək ən azı 4,800 hava hüçumu keçirib. Bu hücumlar İraq ordusu və Suriya döyüşçülərinə öz ərazilərinin bir hissəsinin nəzarətini yaraqlılardan geri almağa kömək edib.

“Biz inanırıq ki, biz onları (İslam Dövləti qrupunu) zəiflədə bilirik”-deyə Pentaqonun sözçüsü polkovnik Stiv Vorren bu yaxınlarda Vaşinqtonda müxbirlərə söyləyib. Bununla bərabər, o əlavə edib ki, İraq və Suriyada ələ keçirdikləri ərazilərin dördə birinə nəzarəti itirmələrinə baxmayaraq, yaraqlılar hələ də gücə malikdir.

Bütün bunlarla yanaşı, İraq hərbi qüvvələri mühüm irəliləyişə nail ola bilməyib. Belə ki, İraq qüvvələri ölkənin şimal və qərb hissələrində böyük şəhərlərə tam nəzarəti geri almaqda çətinlik çəkir. Ənbər vilayətinə nəzarətin geri alınması kimi əməliyyatlarda İran tərəfdarı yarı-hərbi dəstələr və Kürd döyüşçüləri İraq qüvvələrinə dəstək verir.

Prezident Obama indiyədək ABŞ-ın quru qüvvələrinin yenidən İraqa göndərilməsi ilə bağlı çağırışlara müqavimət göstərə bilib. Bunun əvəzində İraqa hərbi qüvvələrinə təlim verilməsi məqsədilə Amerikanın hərbi mütəxəssisləri ölkəyə göndərilib.

Bununla bərabər qeyd olunur ki, ABŞ Suriyada mötədil üsyançılara təlim verilməsi işində də inkişaf əldə edə bilməyib. Associated Press xəbər agentliyinin verdiyi məlumata görə 5,400 üsyançının təlim edilməsi planlaşdırılsa da, indiyədək onlardan yalnız 100-dən azı təlimatlandırılıb.

XS
SM
MD
LG