Accessibility links

Obama Poroşenkoya ABŞ-ın dəstəyini ifadə edib


ABŞ prezidenti Barak Obama Ukraynada prezident seçilmiş iş adamı Petro Poroşenkonu seçkidə qələbə çalması münasibətilə təbrik edib. Ağ Evin verdiyi açıqlamaya görə prezident Obama Petro Poroşenkoya zəng edərək, Birləşmiş Ştatların ona dəstəyini ifadə edib.

“Prezident Obama bu gün Ukraynada prezident seçilmiş Petro Poroşenkoya zəng edərək, onu qələbə münasibətilə təbrik edib və ona birliyin yaradılması və ölkəni irəli aparması səylərində Birləşmiş Ştatların tam dəstəyini bildirib”-deyə Ağ Evin açıqlamasında bildirilir.

Prezident Obama telefon söhbəti zamanı ölkədə birliyin yaradılması üçün Ukraynada islahatların həyata keçirilməsi, eləcə də davamlı iqtisadiyyatın və cəlbedici investisiya mühitinin yaradılması və bütün ukraynalıların narahatlıqları və istəklərini nəzərə alan şəffaf və hesabatlı hökumətin qurulmasının vacibliyini vurğulayıb.

Prezident Obama Birləşmiş Ştatların Ukraynaya bu səylərdə yardım göstərməyə davam edəcəyini deyib.

“İki lider prezident Obamanın Avropaya qarşıdan gələn səfəri zamanı müzakirələri davam etdirmək haqda razılığa gəlib”-deyə Ağ Evin açıqlamasında bildilir.

Ukraynada mayın 25-i seçkilərindən sonra ABŞ prezidenti Ukrayna xalqını müvəffəq seçki keçirilməsi ilə əlaqədar təbrik edərək, səsverməni ölkədə birliyin yaradılması istiqamətində irəliyə doğru mühüm addım adlandırıb.

ABŞ Dövlət katibi Con Kerri də Ukraynada prezident seçkisi ilə əlaqədar bəyanatla çıxış edərək, səsvermənin Ukrayna xalqının vahid və demokratik ölkədə yaşamaq istəyinin göstəricisi olduğunu bildirib.
XS
SM
MD
LG