ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının ehtimali namizədi olan Donald Trampın sərt tənqidlərinə cavab olaraq ABŞ hərbi qüvvələrinin İŞİD-a qarşı mübarizədə əməliyyatları və özünün strategiyasını müdafiə edib.
Tramp Florida ştatının Orlando şəhərində gecə klubunda törədilmiş hücumla bağlı çıxışında “radikal islam” və ya “islamçı terrorizm” ifadələrini işlətməkdən imtina etdiyinə görə prezidenti siyasi baxımdan korrekt olmaqda günahlandırıb.
Ağ Ev əvvəlcə bu tənqidi çıxışın şərhə layiq olmadığını hesab edərək ona cavab verməyib. Lakin Obama milli təhlükəsizlik komandası ilə görüşəndən sonra qısa şəkildə Trampın replikalarını cavablandırıb.
“İŞİD və Əl-Qaidə qrupları müharibənin İslamla Amerika və ya İslamla Qərb arasında getdiyini göstərməyə çalışır. Onlar sübut etdirmək istəyirlər ki, onların xulyalarını rədd edən bütün dünyada bir milyarddan çox müsəlmanın həqiqi liderləridir. Onlar bizim onların bu milyarddan çox insanın adından danışdığını təsdiq etməyimizi istəyir. Guya onlar İslamın adından danışır. Bu onların təbliğatıdır. Onlar bu yolla insanları öz sıralarına cəlb edir. Və biz bütün müsəlmanlara eyni şəkildə baxaraq onların tələsinə düşsək, ya da bütöv bir dinlə müharibə apardığımızı düşünsək, o zaman biz terrorçuların işinə yardım etmiş olarıq” – deyə Obama bildirib.
Lakin Tramp Şimali Karolinada, Qrinsboro şəhərində keçirdiyi kampaniya tədbirində tənqidlərini daha da artırıb.
“Bir çox insan Obamanın Orlandoda hadisəni törətmiş qatildən çox mənim sözlərimə hirsləndiyini deyir. Bu qatillər burada ümumiyyətlə yaşamamalıdır” – deyə Tramp bildirib.
Tramp ABŞ hökumətinin potensial müsəlman ekstremistlərin, xüsusilə də onun dediyi kimi, terrorizm tarixi olan ölkələrdən Amerikaya daxil olmasının qarşısını almaq üçün əlavə addımlar atmalı olduğunu deyib.