ABŞ mediasının verdiyi məlumata görə, sabiq ABŞ prezidenti Barak Obama Donald Tramp prezident seçiləndən sonra ona təqaüdə çıxmış ordu generalı Maykl Flini milli təhlükəsizlik müşaviri olaraq təyin etməməsinə dair şəxsən xəbərdarlıq edib, lakin Tramp bu xəbərdarlığa məhəl qoymaraq Flini seçib, 24 gün sonra isə onu vəzifəsindən azad etməli olub.
Obama, daşınmaz əmlak maqnatı seçkidə qalib gələndən iki gün sonra noyabrın 10-da Ağ Evdə keçirilən 90 dəqiqəlik görüş zamanı Trampa Flinlə bağlı xəbərdarlıq edib.
Sabiq prezident Flini 2014-cü ildə itaətsiz menecment üslubuna görə Müdaifə Kəşfiyyatı İrarəsinin rəhbəri vəzifəsindən azad edib.
Obamanın xəbərdarlığı ilə bağlı xəbərlər Senatın bazar ertəsi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi eləcə də Trampın köməkçiləri ilə Moskva arasındakı əlaqələrə dair dinləməsindən bir neçə saat əvvəl aşkara çıxıb.
Seçkidəki qalibiyyətinin legitimliyini sarsıdacaq hər hansı xəbərin doğruluğunu qəbul etməyən Tramp dinləmədən bir neçə saat öncə sələfi Barak Obamanın administrasiyasını Flini ən yüksək təhlükəsizlik yoxlanışından keçirməkdə günahlandırıb.
Flin təhlükəsizlik yoxlanışından keçsə də, müstəntiqlər deyir ki, o, 2015-ci ildə Rusiyanın hökümət-yönlü RT televiziyasının ildönümünü qeyd etmək məqsədilə Moskvada keçirilən tədbirdə iştirak etməsinə görə aldığı 30 min dolları eləcə də, Türkiyə maraqlarını təmsil etmək üçün aldığı 500 min dolları açıqlamayıb.
Müstəntiqlərin dediyinə görə, o, bu pulları ordudan təqaüdə çıxdığında ona xarici hökümətlərdən ödəniş almamağa dair xəbərdarlıq edilməsinə rəğmən alıb.
Tramp administrasiyanın ilk günlərində qısa müddət ərzində baş prokuror vəzifəsini icra etmiş Salli Yeyts Senatın Cinayət və Terrorizm alt-komitəsində Flinə dair narahatlıqları ilə bağlı ifadə verəcək.
Yeyts Obama administrasiyası zamanı Ədliyyə nazirliyində yüksək vəzifəyə sahib idi və indi onun Senatda Maykl Flinin Rusiya səfiri Sergey Kisyakla görüşü ilə bağlı sulları cavablandıracağı gözlənilir.